Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən 3500 kvadratmetr ərazini əhatə edən boya sexinin ərazisində baş verən yanğın zamanı boya çənləri, qatqı materialları, plastik qablar yanıb.
Heftelik.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) xidmət rəisinin müavini Taleh Babayev deyib.
Bildirib ki, boya sexinin ərazisində baş verən yanğınla bağlı bu gün 13.32-də FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bununla bağlı 3 saylı çağırış elan olunub, 12 yanğınsöndürən avtomobil hadisə yerinə cəlb edilib. 4 dəqiqə ərzində qüvvələr hadisə yerinə çatıb və yanğına müdaxilə olunub.
Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.
***
saat 14.59
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
FHN-in Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
saat 14.35
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.
Heftelik.az-ın məlumatına görə, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
DİN-dən bildirilib ki, yanğınla əlaqədar 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
TƏBİB-dən bildirilib ki, bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.
Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
Qeyd edək ki, yanğnla əlaqədar qonşuluqdakı Xəzər TV-nin binası boşalıdılır.