Prezident İlham Əliyev: “Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”

Ermənilər hər zaman məskunlaşdıqları Azərbaycan torpaqlarında vandallıq ediblər. Məqsədləri də bu olub ki, Qarabağ və Şərqi Zəngəzurda erməni izini yaratsınlar. Bütün dünyaya bu torpaqların Azərbaycana aid olmadığını göstərmək istəmişlər. Buna görə bizim bütün mədəniyyət abidələrimizi məhv etməyə çalışıblar. Bildiyimiz kimi, ermənilər Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin də qəbirüstü abidəsini də dağıdıblar. Amma bunlar nə qədər bu əməlləri törətsələr də yenə də şovinist məqsədlərinə çata bilməyiblər. Azərbaycanlıların bu torpaqlarda yaşamasını bütün tarix faktlar təsdiq edir. Burada olan abidələr, məscidlər göstərir ki, bu torpaqlarda müsəlmanlar yaşayıblar, ermənilər isə bura gəlmə toplumdurlar. Prezident İlham Əliyev 30 sentyabr tarixində Bakıda Azərbaycan Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında bir daha bu məsələlərə toxunub, ermənilərin əsrlər boyu Azərbaycanda törətdiyi qırğınları xüsusi olaraq qeyd edib: “Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi”. Əlbəttə ki, bu, ədalətsizlikdir və ölkəmizə qarşı beynəlxalq birliyin ikili standartdır münasibətinin əyani təzahürüdür. Bütün dünya ermənilərin etdikləri bu əməllərə qarşı hər hansı bir etirazını bildirməyib. Bu da bir daha göstərir ki, beynəlxalq birlik ermənipərəst mövqedə olub. Əksər hallarda da işğalçı Ermənistanı dəstəkləyən bəyanatlarla çıxışlar ediblər.

Aşıq Ələsgər özü də yaşadığı dövrdə öz ata-baba torpağından deportasiya olunub. Yenidən öz torpağı Ağkilisəyə qayıtmışdı. Aşıq Ələsgərin Ağkilsdə olması bir daha indiki Ermənistanın Azərbaycan torpaqları olduğunu göstərir. Cənab Prezident Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə də toxunub: “Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları -1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.  Bu gün Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmaq amalı ilə yaşayırlar. Artıq Qərbi Azərbaycanla bağlı konsepsiya hazırlanıb. Bu sənəddə Qərbi azərbaycanlıların öz ərazilərinə ləyaqətli şəkildə qayıtmasının beynəlxalq hüquqi əsasları qeyd edilib. Onlar bu torpaqlarda böyüyüb boya-başa çatıblar. Bu ərazilər onların ata-baba yurdu olub. Qərbi Azərbaycana qayıtmaq onların mənəvi-hüquqi haqqıdır. Bu gün Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmaq uğrunda mübarizə aparırlar. Bununla bağlı beynəlxalq tədbirlər keçirilir. Artıq BMT səviyyəsində bu məsələ qaldırılır. Qərbi Azərbaycan İcması mütəmadi olaraq bəyanatlar yayır və strateji bir plan əsasında artıq bu məsələni gündəmə gətirir. Qarabağ məsələsi həll olunduqdan sonra bizim əsas məqsəd Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasıdır. Bu, ümumiyyətlə, bütün dünya azərbaycanlılarının istəyidir. Yəni dövlət və xalqın istəyi bu məsələ də üst-üstə düşür. 44 günlük Vətən müharibəsinin ən önəmli cəhətlərindən biri bu oldu ki, ölkəmizdə xalq-iqtidar birliyi çox güclü şəkildə özünü göstərdi. Bütün xalqımız Azərbaycan dövlətini dəstəklədi. Dövlətimizin başçısının dediyi kimi, həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir: “Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, – mən bunu bilirəm, – Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır”. Həmin zaman, demək olar ki, Azərbaycandakı bütün partiyalar dövlətimizi dəstəkləyən bəyanat yaydı. Hətta Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri belə, beynəlxalq birliyə Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatla çıxış etdilər və Azərbaycan dövlətini dəstəklədiklərini bildirdilər. Beynəlxalq birliyə çağırış olundu ki, Azərbaycan Ordusu öz torpaqlarının azad olunması üçün döyüşür. Bütün bunlar, Azərbaycan xalqının birliyinin, tolerantlığının və xalqın dövləti dəstəkləməsinin bariz nümunəsidir. Bir daha göründü ki,  Azərbaycan xalqının iradəsi qırılmazdır, əyilməzdir və bunun qarşısında heç kim dayana bilməz. Bu günləri biz çox nikbin hisslər keçirik. Azərbaycan xalqı öz Zəfərinin qürurunu yaşayır. Və biz bu hissləri ümid edirik ki, Qərbi Azərbaycana da qayıtdıqdan sonra yaşayacağıq.

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri