Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramova ifadə verib.

O bildirib ki, xəstələr pulu onun yanında Nuridə Seyidovaya verib: “Zərərçəkən Kəmalə Nuriyevanı Talassemiya Mərkəzindən tanıyıram. O, pulu mənim yanımda Nuridəyə verib. Digər zərərçəkən Nüşabə Məmmədovadan 34 min manat alınıb. O, Zaur Baxşəliyevin verilişindən gəlmişdi. Nuridə özü Zaurla danışıb. Çek də Zaura təqdim olunub. Talassemiyalı xəstələrə Zaur Baxşəliyevin “Bizimləsən” verilişində pul yığılırdı. Nuridə də həmin verilişə gedib və Zaurla görüşüb.”

A.Bayramova ifadəsində qeyd edib ki, zərərçəkənlər Taleh Hacıməmmədov 34 min, Ramin İsmayılov 25 min 500, Elnur İsfəndiyarov 25 min, Vüqar İsayev 30 min, Laura Həsənova isə 51 min manat manat pulu onun yanında Nuridə Seyidovaya veriblər.

Zərərçəkən Şahbacı İsayeva ifadəsində deyib ki, Aynur Bayramovaya Talassemiya Mərkəzində ayrıca otaq ayrılıb: “Aynur Bayramova kim idi ki, mərkəzdə ona ayrıca otaq ayırmışdılar? Ona bu şəraiti Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman xanım yaratmışdı. Aynur Bayramova Zaurun verilişində talassemiyalı uşaqlara pul yığılarkən 60 min manat pulun da onlar tərəfindən qarşılanacağını deyib. Mən ümumilikdə onlara 20 min dollar pul vermişəm, cəmi 3500-nü qaytarıblar. Qalan pulumu tələb edirəm”.

A.Bayramova zərərçəkənin sualına cavab olaraq bildirib ki, o “Antalya Medical Park”ın əməkdaşı olub, Ona mərkəzdə xəstə qəbulu üçün şərait yaradıblar.

Proses oktyabrın 9-da davam etdiriləcək.

 

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.