Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək” layihəsinin açılış mərasimi keçirilib.
Heftelik.az-ın məlumatına görə, Tədbirdə çıxış edən Kəlbəcər rayon 18 saylı tam orta məktəbin tirektoru Arzuman Qarayev Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində məktəbdə artıq ikinci layihənin icra olunduğunu qeyd edib: “2022-ci ildə Kəlbəcər rayon 18 saylı tam orta məktəbdə həyata keçirilən layihə şagirdlərin inkişafı üçün önəmli olub. Ümid edirəm ki, bu layihənin icrası da şagirdlərimizin ingilis dilində dinləyib-anlama və danışma bacarıqlarının inkişafına əlavə imkan olacaq”.
Daha sonra çıxış edən layihə rəhbəri, Kəlbəcər rayon 18 saylı tam orta məktəbin ingilis dili müəllimi Xeyransa Həsənli layihə ilə bağlı şagirdlərə məlumat verib.
X.Həsənli bildirib ki, həyata keçirilən layihənin məqsədi şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişaf etdirilməsi ilə təlim nəticələrinin yüksəldilməsinə dəstək verməkdir: “Təhsilalanların ən vacib kompetensiyalardan biri ən azı bir xarici dili keyfiyyətli şəkildə mənimsəməkdir. Müasir dünyada istənilən fənni daha yaxşı öyrənmək, dünyada baş verən yenilikləri öyrənmək üçün isə ingilis dili əsas dildir. Orta ümumtəhsil məktəblərində ingilis dilində dinləyib-anlama və danışma bacarıqlarının aşağı yaşdan öyrədilməsi vacib amillərdən biridir. Məktəbdə İngilis dilinin tədris olunacağı sinif otağı yenidən təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Qısa müddətdə şagirdlərin ingilis dilində dinləmə və anlama bacarıqlarını inkişaf etdirməsinə kömək edəcək vəsaitlər – proyektor, səsgücləndirici və digər əyani vasitələr də alınacaq. Eyni zamanda şagirdlər ingilis dili bilgilərini təkmilləşdirmək üçün tələb olunan əlavə dərs vəsaitləri ilə təmin olunacaqlar”.
X.Həsənli bildirib ki, məktəbin V-IX sinfində təhsil alan şagirddən 15 nəfər şagird seçilərək kurslara cəlb olunacaq: “İngilis dili üzrə dərsdənkənar məşğələ təşkil olunacaq qrupda 15 nəfər şagirdin olması nəzərdə tutulur. Şagirdlərin seçilməsi üçün onlara ərizə forması təqdim olunub. Fərdi anket məlumatları araşdırıldıqdan sonra 30 şagird test imtahanına buraxılıb. İmtahanda 40 faizdən artıq nəticə göstərən şagirdlər müsahibəyə dəvət olunub. Müsahibə mərhələsində məqsəd şagirdlərin ingilis dilini öyrənməyə marağını, dərsdənkənar məşğələlərə qatılmasının davamlılığını dəqiqləşdirmək olub. Məşğələlərə seçilmiş şagirdlərlə dərslər həftədə 3 dəfə olmaqla 2 dərs saatı müddətində keçiriləcək. Şagirdlərə həftədə 2 gün nəzəri bilgilər öyrədiləcək. Üçüncü dərs günündə isə şagirdlərlə müxtəlif əyləncəli oyunlar, rol oyunları formasında danışıq dərsi təşkil olunacaq”.
Daha sonra çıxış edən Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktor müavini Çingiz Quluyev, layihənin eksperti Xalid Kazımov, İngilis dili müəllimi Şahnaz İsmayılova layihə ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra ingilis dili kurslarına cəlb edilən şagirdlər layihədən gözləntiləri ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.