“AzərMaş” ASC-nin İdarə Həyətinin sədri Emin Axundovu və yaxınlarını ölümlə hədələyərək 100 min manat tələb ediblər.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, həmin iş üzrə məhkəmə araşdırması başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Axundovla onu şantaj etməkdə ittiham olunan Əhməd Əhmədov üz-üzə gəlib.
Əhməd Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi plan əsasında keçirdiyi əməliyyatla cinayət başında tutulub.
Təqsirləndirilən şəxs özü məhkəmədə Emin Axundovla aralarındakı məsələnin əslində başqa cür olduğunu deyib. İfadəsində bildirib ki, Emin və ailəsini uzun illərdir tanıyır. Aralarındakı ədavət isə borca görə yaranıb: “30 ildir Eminlə tanışam. Atası Faiq əmi də, anası Rəna xanım da məni yaxşı tanıyır. Mən əvvəl bunlardan maşın almışdım, amma həmin maşında da problem çıxdı. Eldar adlı qardaşı var, onunla danışdım, əvvəl dedi pul verəcəyəm, amma ala bilmədim. Sonradan Eldarla işləməyə başladım. Mən özüm ev tikib satıram. Eldar bir gün dedi ki, 21 sot ərazidə ev tikintisinə başlamışam, amma bitirə bilmirəm. Razılaşdıq, bir il üç ay onun həyətinə gedib-gəldim. Ayda 1500 manat pul verməli idi. Evin bütün tikinti materiallarını da mən aldım. Bütün bu işlərə görə mənə 45-50 min borcu yarandı. Amma ala bilmədim. Hətta ona bir karxana da alıb verdim. Bundan başqa, həyətində iti yara tökmüşdü, onu yemlədim.
Sonradan Eldar özü üç ay mənim evimdə qaldı. Öyrəndim ki, qardaşı Eminin kassasından 650 min manat pul oğurlayıbmış. Məni öyrətdi ki, Eminə oğlunun İngiltərədə yaşadığını bildiyimi deyib qorxudum. Bunu eşitsə, pulu verəcəkmiş. Qısası, bu məsələ borca görə olub. Bir dənə Eminin ailəsini təhqir etdiyimə görə özümü təqsirli bilirəm”.
Emin Axundov özü də hakim qarşısında ifadə verib. Zərərçəkmiş Əhmədlə 30 il deyil, 10 il əvvəl bankda filial müdiri işləyəndə tanış olduğunu deyib. Onun sözlərinə görə, həmin vaxt Əhməd yanına gələrək kömək istəyib: “Vətəndaş kimi qəbuluma gəlmişdi. Sosial vəziyyətinin pis olduğunu dedi, mən də çıxarıb 50 manat pul verdim. Üstündən 10 il keçəndən sonra mesaj yazdı. Dedi ki, mənə borcunuz var. Əvvəl dedi qardaşının bağında işləmişəm, 40 min manat borcu var. Sonra isə məbləği 100 minə qaldırdı. Hədə-qorxu gəlməyə başladı. Dediyim kimi, əvvəl mənim yanıma gəlmişdi. Gördü mənimlə baş etmək mümkün deyil, qardaşımın yanına gedib. Sonradan öyrəndim ki, qardaşımın itinə baxıb. Əvvəl buna dedim ki, qardaşımın borcu varsa, gəl danışaq həll edək. 10 min manata razılaşdıq, həmin məbləğin min manatını kartına atdım. Sonra mənə yenə hədə-qorxu gəlməyə başladı. Dedi ki, xəbərim var, sənin oğlun İngiltərədə oxuyur. Ondan sonra evimi partladacağını dedi. Mən də polisə şikayət etdim”.
Zərərçəkmiş Axundov təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun ən ağır şəkildə cəzalanmasını istədiyini məhkəmənin diqqətinə çatdırıb.
Qeyd edək ki, “Bandotdel” təqsirləndirilən şəxsi xüsusi əməliyyatla elə cinayət başında yaxalayıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhmədlə görüşüb, 9 min manatı ona verib. Əhməd pulu götürüb uzaqlaşmaq istəyəndə isə polis əməkdaşları onu saxlayıb.