Oktyabr “Süd vəzi xərçəngi ilə mübarizə” ayıdır. Süd vəzi xərçəngi xronik, heterogen xəstəlik olaraq qəbul edilir. Qadınlarda ən çox rast gəlinən xərçəng növüdür (əsasən, 50 yaşdan yuxarı).
Heftelik.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, ötən il Azərbaycanda 2541 nəfərə süd vəzinin xərçəngi diaqnozu qoyulub.
Bu rəqəm əvvəlki iki illə müqayisədə az olsa da, son illərdə süd vəzinin xərçəngi diaqnozu qoulanların sayında artım var. Süd vəzinin xərçəngindən həyatını itirənlərin sayı da az deyil. 2022-ci ildə süd vəzi xərçənginin bədxassəli yenitörəmələrindən ölənlərin sayı 8 305 nəfər təşkil edib. Bunun 30 %-i 0-39 yaş aralığında olanlardır.
Azərbaycanda süd vəzi xərçəngi ilə mübarizədə əsas problemlərdən biri onkoloq çatışmazlığıdır. Ötən il məlumat verilib ki, Azərbaycanda 40 faiz onkoloq ştatı boşdur, bu da xərçəng növlərinin erkən aşkarlanmasını gecikdirir.
Ölkəmizdə süd vəzi xərçənginin müayinəsi icbari tibbi sığorta ilə həyata keçirilir. Ancaq xərçəngin müalicəsi hələ də icbari sığorta zərfinə daxil edilməyib. Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, süd vəzi xərçəngi və leykozun müalicəsinin İcbari Tibbi Sığortaya daxil olması istiqamətində müzakirələr gedir. Ancaq müzakirələrin nəticəsi barədə məlumat verilməyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidən bildirilib ki, icbari tibbi sığorta hesabına orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikası təmin edilir:
“Bu xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Habelə, süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsi mammoqrafiya icbari tibbi sığorta ilə qarşılanır. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır.
Həmçinin, qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir. Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur.
Onkoloji xəstəliklərin sığorta ilə qarşılanması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq qurumlarla müzakirələr aparır. Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir, tibbi statistik məlumatlar analiz edilir. Xidmətin maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin imkanları öyrənilir və xidmətin göstərilməsi imkanları araşdırılır.
İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişikliklər olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək”.