Prezident İlham Əliyev: “Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq”
Hazırda Qarabağda və Şərqi Zəngəzurda yeni abı-hava görürük. Azərbaycan dövləti tərəfindən bu torpaqlar abadlaşdırılır, quruculuq işləri görülür, kommunikasiyalar çəkilir, yeni evlər, yaşayış massivləri salınır. İşğaldan azad olunmuş ərazilərdə yaradılmış infrastrukturu gördükcə hər birimiz fəxr edirik. Əlbəttə ki, bütün bunlar bir daha bu torpaqların Azərbaycana məxsus olduğunu göstərir.
Bildiyimiz kimi, Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunan rayonlara səfərlər edir və orada yerli sakinlərlə görüşlər keçirir. Qarabağ və Şərqi Zəngəzurda yeni inşa olunan yaşayış komplekslərinin açılışlarında cənab Prezident şəxsən iştirak edir. Əlbəttə ki, belə görüşlər ölkə başçısının vətəndaşlara olan diqqətinin bariz nümunəsidir. Xatırladaq ki, oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış edərək 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü münasibəti ilə xalqımızı təbrik edib: “Bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bu münasibətlə sizi, bütün cəbrayıllıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl hadisəni biz dörd il sonra bu gün Cəbrayılda qeyd edirik. Bildiyiniz kimi, mənim Sərəncamımla 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Əminəm ki, bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik”. Qeyd edək ki, Vətən müharibəsinin səkkizinci günü – oktyabrın 4-də Cəbrayıl şəhəri və ətraf kəndlər düşməndən təmizlənib. Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Yeri gəlmişkən, daha bir tarixi gün – Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə oktyabrın 4-də öz doğma şəhərlərində qeyd edilib.
Cəbrayıl Şəhəri Günü tədbirində mədəniyyət naziri Adil Kərimli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir konsert proqramı ilə başlayıb. Həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları izlənilib, tamaşalar nümayiş olunub. Ziyarətçilər Cəbrayılın qədim və müasir tarixini, mədəni irsini əks etdirən sərgilərlə də tanış olublar. Cəbrayıl Şəhəri Günü axşam möhtəşəm atəşfəşanlıqla başa çatıb.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Cənab Prezidentin görüşdə dediyi kimi, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir: “İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır”. Bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumilikdə 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.
Ermənistan Cəbrayıldakı evləri də xarabalığa çevirmişdir. Bu gün Cəbrayıl abadlaşdırılıb, yerli sakinlər üçün yeni Cəbrayıl qurulub. Dövlətimiz bu xarabalıqlara isti ocaqları gətirib. Buranın yerli sakinləri 31 ildən sonra ilk dəfə olaraq öz torpaqlarına qədəm qoyublar. Artıq Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq: “Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda – bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.
Sizə isə mən burada xoşbəxt həyat arzulayıram. Siz buna layiqsiniz. Siz uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamısınız. Biz imkan daxilində çalışmışıq ki, həyatınızı bir az yüngülləşdirək”.
Qeyd edək ki, oktyabrın 4-də açılışı olan Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir. Altı kvartaldan ibarət kompleksin inşası keyfiyyətlə həyata keçirilib. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilib.
Cənab Prezidentin çıxışından sonra sakinlərə açarların təqdim edilməsi mərasimi olub. Cəbrayıl şəhərciyində yaşayanlar Prezident İlham Əliyevə yaradılan bu şəraitə görə təşəkkür ediblər. Onlar belə əlamətdar gündə bu gözəl məkanda Cəbrayıla qovuşmaqlarından çox böyük sevinc hissi keçirib və qürur duyublar. Bu gün onlar Azərbaycan dövlətini, eləcə də dövlətimizin başçısını özlərinə arxa, dayaq bilirlər.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri