ABŞ-ın Florida ştatına kateqoriyası artıq 5-ə yüksələn, mərkəzində küləyin süurəti saatda 290 km-ə çatan Milton qasırğası yaxınlaşır.
Heftelik.az-ın məlumatına görə, 6 milyon insana təcili təxliyə barədə xəbərdarlıq olunub.
Yaxınlaşan qasırğa ilə əlaqədar ştatda marketlərin rəfləri boşalıb, hava limanları bağlanıb.
ABŞ Milli Qasırğa Mərkəzi Milton qasırğasının Meksika körfəzində sürətlə gücləndiyini açıqlayıb. Tampa Bələdiyyəsinin sədri Jane Castor isə şəhər sakinlərinə müraciətində deyib ki, əvvəllər belə güclü qasırğa olmayıb, bundan əvvəl 227 nəfərin ölümünə səbəb olan Helen qasırğasını Milton qasırğasından öncə sadəcə, bir xəbərdarlıq saymaq olar : “Heç nəyi dramatikləşdirmədən söyləyirəm. Əgər təxliyə olunması barədə xəbərdarlıq edilən yerlərdən birində qalacaqsınızsa, öləcəksiniz. Qaçın, yoxsa öləcəksiniz”.
Florida ştatında artıq yollarda uzun tıxaclar müşahidə olunur.
Xatırladaq ki, bundan əvvəl sentyabrın 26-da Helen qasırğası Florida ştatının şimal-qərbini saatda 225 km sürətlə vurmuş, qısa müddətdə Georgia, Virginia, South Carolina, North Carolina və Tennessiyi də təsiri altına almışdı. Qasırğa 227 nəfərin ölümünə səbəb olmuşdu.