Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilən rayon xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə,  Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.

Qeyd edək ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərininkini 5 il 6 aya endirib.

Ali Məhkəmədə isə Ceyhun Cəfərovun cəzası 4 il 6 aya , Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.

Daha sonra sabiq icra başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.