Oktyabrın 10-da saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verən zəhərlənmə faktı araşdırılır:
“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək”.
“Bakı Dövlət Universitenin Qazax şəhərində yerləşən Qazax filialında baş verən hadisə ilə bağlı müvafiq tədbirlər görülür”, – deyə BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.