Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, yağan leysan yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.
Düşən yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının Sədri Saleh Ələsgərov APA-ya bildirib ki, səhər saatlarından başlayan güclü leysan yağışları nəticəsində rayon mərkəzi də daxil olmaqla bir neçə kəndi, o cümlədən Atbulaq, Qızılburun, Qubalı Baloğlan, Pirsaat, Nəvahi, Udlu kəndlərini su basıb. Xüsusilə əhalinin həyətyanı sahələrinə xeyli ziyan dəyib: “Hadisə yerinə aidiyyəti orqanlar cəlb olunub. Rayon İcra Hakimiyyətinin başçısı da hadisə yerindədir. Əməli tədbirlər görülür. Şəhər mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.
Rayon ərazisindən keçən dəmir yolu xəttinə zərər dəyib.