“Bank Respublika” 2024-cü ilin III rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “Bank Respublika”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 53% artaraq 39 milyon 273 min manat təşkil edib.
2023-cü ilin müvafiq dövründə bank 25 milyon 670 min manat xalis mənfəət əldə etmişdi. Hesabat dövründə bankın faiz gəlirləri 25.3% artaraq 172 milyon 618 min manat, faiz xərcləri isə 17.4% artaraq 63 milyon 182 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 28 milyon 109 min manata ( illik müqayisədə 1.3% az), qeyri-faiz xərcləri isə 85 milyon 407 min manata ( illik müqayisədə 11.2% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 52 milyon 138 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 42.3% çoxdur.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1.1% və ya 21.8 milyon manat artaraq 2 milyard 152.8 milyon manata yüksəlib. Cari ilin ilk 9 ayında “Bank Respublika”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15.2% və ya 178 milyon manat artaraq 1 milyard 352.3 milyon manata bərabər olub.
Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 1 milyard 966.8 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 0.43% və ya 8.4 milyon manat azdır.
Müştərilər doqquz ay ərzində “Bank Respublika”dan 100 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 1.6% və ya 10 milyon 737 min manat azalaraq 649 milyon 867 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 11.6% və ya 90 milyon 597 min manat azalaraq 692 milyon 588 min manata enib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin 9 ayında 7% və ya 101 milyon 334 min manat manat azalaraq 1 milyard 342,5 milyon manata enib.
Hesabat dövründə bankın, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri ilin əvvəli ilə müqayisədə 23.9% və ya 100.3 milyon manat artaraq 520.7 milyon manata yüksəlib.
2024-cü il oktyabr ayının 1-nə “Bank Respublika”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 19.4% və ya 30.3 milyon manat artaraq 186 milyon manat təşkil edib.