2023-cü il oktyabr ayının 15-i son illər ərzində müasir Azərbaycan tarixinə əbədi həkk olunan tarixlərdən biri oldu. İkinci Vətən müharibəsindəki Şanlı Qələbə və 2023-cü il sentyabrın 19-da həyata keçirilən Lokal Antiterror tədbirləri nəticəsində Azərbaycan xalqı 30 il həsrətində olduğu arzularına çatdı. Qarabağ bölgəsində düşmən işğalı altında olan bütün ərazilərimiz tam şəkildə azad edildi. Bütün bunlar ilk növbədə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illər ərzində apardığı uğurlu siyasət və həyata keçirdiyi işlər nəticəsində mümkün oldu.
Son Antiterror tədbirlərindən sonra həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edildi, burada yaşayan erməni millətindən olan insanların reinteqrasiyası prossesinə başlanıldı. Eyni zamanda artıq 4 ildir ki, Vətən müharibəsində işğaldan azad edilən şəhər və qəsəbələrdə bərpa-qiruculuq işləri böyük sürətlə həyata keçirilir, keçmiş məcburu köçkünlərin doğma yurdlarına qayıdışı prossesi davam edir. Bu da hər bir Azərbaycanlının böyük sevincinə səbəb olur.
2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və qürurverici hadısələr cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümündə baş verdi.
Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan dövlət başçısı öz çıxışında bildirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Bəli, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü iqtisadiyyat yaradıldı və son 21 il ərzində bu istiqamətdə əldə edilən uğurlar nəticəsində iqtisadiyyatımız dörd dəfədən çox artdı.
Güclü iqtisadiyyat isə öz növbəsində güclü ordunun yaradılmasına imkan verdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu 44 günlük Vətən müharibəsi dövründə sübut etdi. Düşmən üzərində Şanlı qələbə qazanıldı, onlar kapitulyasiya aktına imza atmağa məcbur edildilər. Ötən ilin sentyabrın 19-da cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Buna görə də biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.
21 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərdi və artıq 21 ildir ki, Azərbaycanın Prezidenti olan İlham Əliyev ona olan inam və etimadı tam şəkildə döğrultdu, verdiyi söz əməl etdi. Vətən müharibəsindəki Qələbədən 4 il sonra ölkəmizin ərazi bütövlüyü təmin edilib, torpaqlarımız işğaldan azad edilib. bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü