Heftelik.az Xalq artisti Ağasəlim Abdullayevin APA-ya müsahibəsini təqdim edir
628-ci otaq… İçəri daxil olanda Ağasəlim Abdullayevin xoş çöhrəsi bizi qarşılayır. Masanın üzərində isə əzəmətli tar. Düzü, Ağasəlim müəllim hədsiz dərəcədə azdanışan adamdı deyə, ehtiyat edirəm, qorxuram, söhbətimiz alınmaya. Ona görə də müsahibədən əvvəl nəsə ifa etməyini xahiş edirəm… “Şur” çalır… “Şur”un yaratdığı ovqata arxayın olub söhbətə başlayıram…
– Ağasəlim müəllim, ondan başlayım ki, bu gün 74 yaşınız tamam olur…
– İndi siz yaşımı deyirsiniz, mənə ani olaraq qəribə gəlir. Heç indiyə qədər doğum günlərimdə bu rəqəmlərin fərqinə varmamışam. Sağlam olmuşam deyə, yaş gözümə görünməyib. Həm də ad günlərimin çoxu xaricdə – qastrol səfərlərində olub… Sözün düzü, təntənəli ad günü tədbirlərindən xoşum gəlmir.
– Səhv etmirəmsə, 70 illiyinizi də qeyd etmədiniz…
– 70 illik yubileyim pandemiya vaxtına düşdü. Bilirsiniz ki, həmin dövrlərdə yubiley qeyd etmək qeyri-mümkün idi.
– Bəs 75 illiyə xüsusi bir konsert planlaşdırırsınız?
– Müəyyən dairələrdən təşəbbüs irəli sürən olsa, mən də canla-başla 75 illik yubileyimə hazırlaşaram.
– Ümumiyyətlə, son vaxtlar ansamblla birgə konsert verməyinizi xatırlamırıq. Təkliflər olmur?
– Heydər Əliyev Sarayından, Muğam Mərkəzindən, Filarmoniyadan dəvətlər olur, deyirlər, gəlin, konsert verin, proqram hazırlayaq.
– Bəs niyə getmirsiniz?
– Həvəsim yoxdur.
– Axı siz tara, ifaya şövqü olan sima kimi tanınırsınız. Niyə həvəs olmasın ki?
– Yəqin, yaşla əlaqədardır. Cavanlıqdakı ifalarımı indi təkrarlaya bilmərəm. Həyatın mizanı belədir, cavan vaxtı sənətdə etdiklərini yaşlanandan sonra edə bilməzsən. Əvvəllər müxtəlif texnikalardan istifadə etmək mümkün olurdu, indi onu etmək istəsən də, alınmır.
– Həmçinin efirlərdə də az-az görünürsünüz…
– Pandemiya dövründə möhkəm xəstələndim, koronavirusa yoluxdum. Xəstəxanada müalicə aldım. Həmin vaxtdan sonra efirlərdən, konsertlərdən çəkildim, dəvətlər çox olur, amma bacardığım qədər az-az gedirəm. Bilirsiniz, bayaq dediyim kimi, həvəsim yoxdur. On doqquz yaşından sənətdəyəm. O dövrdən bəri, görün, nə qədər böyük sənətkarlarla işləmişəm. Həm də o vaxt müşayiət etdiyim sənətkarların çoxu dünyadan köçüb. Onlar hamısı mənim kisəmdən gedib. Nəsə əvvəlki şövq yoxdur…
– İndi müşayiət etdiklərinizdən narazısınız?
– Yox, cavanlarla da çox işləmişəm. Mənsum İbrahimovdan üzü bu yana oxuyan gənc xanəndələrin əksəriyyətini müşayiət eləmişəm. Amma köhnə xanəndələrin yerini heç kim vermir.
– Məsələn, hansı gənc xanəndə sizi riqqətə gətirir?
– Səsi yaxşı olan gənclər çoxdur. Onların arasından onlarla ifaçının adını çəkə bilərəm. Məsələn, Ehtiram Hüseynov çox gözəl xanəndədir, sənətkardır. Bir az naxoşluğu var, Allah onu salamat eləsin. Ehtiramı dəfələrlə dövlət konsertlərində, el şənliklərində müşayiət etmişəm. Mirələm Mirələmov da gözəl xanəndədir…
– Ağasəlim müəllim, qastrol səfərlərinizdə sizi ən çox təəccübləndirən nə olub?
– Həmişə qastrollara tanınmış müğənnilərlə birgə getmişəm. Görkəmli sənətkar, muğam bilicisi Hacıbaba Hüseynovla maraqlı səfərlərimiz olub, Avropanın beş-altı ölkəsində, Türkiyədə, İranda olmuşuq. Hacıbaba Hüseynovun həmin ölkələrdə qarşılanması, ona olan böyük məhəbbət məni riqqətə gətirib. Azərbaycanda Hacıbaba Hüseynovun sevilməsi normal haldır. Dil, səs, milli ənənə və başqa amillər kifayət edir ki, həmvətənlərimiz Hacıbaba Hüseynovu, yaxud başqa böyük sənətkarımızı sevsin, hörmət etsin. Ancaq xaricdə ona olan münasibət, həqiqətən də, böyük hadisə idi.
– Bir neçə müəllimdən dərs almısınız. Amma, şübhəsiz ki, onların arasında biri kumirinizə çevrilib. Keçmişə nəzər salsaq, hansı tarzəni özünüzə əsas ustad hesab edirsiz?
– Azərbaycanda tarzənlər arasında ən çox sevdiyim, heyran olduğum sənətkar Hacı Məmmədov olub. Onunla tanışlığım 1968-ci ildə yaranıb. O vaxt Filarmoniyaya solist hazırlamaq üçün müsabiqə keçirirdilər. Seçilən tarzənlərdən ibarət bir məşğələ qrupu yaradılacaqdı və həmin qrupla Hacı Məmmədov məşğul olacaqdı. Mən də həmin müsabiqəyə qatıldım. Hardasa, altmış nəfər müraciət etmişdi. Münsiflər heyəti Xan Şuşinski, Şövkət Ələkbərova, Hacı Məmmədov, Əliağa Quliyevdən ibarət idi. Onlar altmış nəfər iştirakçıdan, cəmi, altısını seçdilər. Xoşbəxtlikdən, həmin altı nəfərdən biri mən idim. Sevincimin həddi-hüdudu yox idi. Asəf Zeynallı adına musiqi texnikumunda müəllimim Kamil Əhmədov idi, o da çox gözəl sənətkar, pedaqoq idi. Amma Hacı Məmmədovun öz sənətkarlıq təcrübəsindən nəsə öyrətməsi mənim üçün çox böyük hadisə idi. Düz iki il Hacı müəllimin yanına – həm Filarmoniyaya, həm də evlərinə getmişəm. Onu özümə ustad hesab etmişəm.
– Hətta bəziləri görmək, tarzən duruşu cəhətindən də sizi Hacı müəllimə bənzədir…
– Tar dərsinə getməmişdən əvvəl, lap uşaq yaşlarımdan televiziyada Hacı Məmmədovu görəndə onu diqqətlə izləyirdim. Özümü ona oxşadırdım.
– Ömrünüzün böyük hissəsi “Araz” xalq çalğı alətləri ansamblı ilə bağlıdır. Necə oldu ki, çox gənc biri Baba Salahovun diqqətini cəlb etdi?
– O dövrdə məşhur tar çalanların hamısı Asəf Zeynallı adına musiqi texnikumunda dərs deyirdilər. İşləri çox idi deyə, dərs saatları az olurdu. O cümlədən, Baba Salahov Azərbaycan Televiziyası və Radiosunun ansamblını idarə etməklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olurdu. O dövrdə Azərbaycan Televiziyasının üç əsas ansamblı var idi: Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansambl, Əhsən Dadaşovun rəhbərlik etdiyi ansambl və Baba Salahovun rəhbərlik etdiyi ansambl. Mən hər üç ansamblın fəaliyyətini yaxından izləyirdim, hər birindən nəsə öyrənmək istəyirdim. Əlli ildən çoxdur dostluq etdiyim, özümə qardaş hesab etdiyim gözəl sənətkar, kamança ifaçısı Mirnazim Əsədullayev o vaxt Baba Salahovun ansamblının üzvü idi. Bir gün mənə dedi ki, ansamblda tar çalana ehtiyac var, Baba müəllim tarzən axtarır, bir gün gəl, səni yoxlasın. Həmin vaxta qədər Baba müəllim məni tanıyırdı. Mirnazimin təklifi ilə ansamblın məşqinə getdim. Bir də gördüm Sara Qədimova ilə Məmməd Salmanov məşqə gəldilər. Mən də ansamblın digər üzvləri ilə birgə oturmuşam. Baba müəllim hələ məni sınaqdan keçirməyib. Əksinə, istəyirdim, nəsə ifa edim, görsün ki, bacarıram. Heç nə demədi. Məşq başladı, Sara xanım “Şur” təsnifi oxuyurdu. Məmməd Salmanov da “Şur” təsnifi oxudu. Mən də digər ifaçılarla birgə məşq prosesində iştirak etdim… Məşq bitdi, gördüm, Baba müəllimdən bir səs çıxmır. Nə deyir gəl, nə deyir gəlmə, nigaran qaldım. Mirnazimə dedim ki, kişinin fikrini öyrən, gör nə deyir? Sabah da konsert olacaqdı. Mirnazim Baba müəllimdən soruşdu ki, Ağasəlim sabahkı konsertə gəlsin, ya yox? Baba müəllim məni çağırdı, dedi, nə qədər mənim canım sağdı, sən bu ansamblda – mənim yanımda oturacaqsan. O sözdən bu günə qədər mən həmin ansamblda tar çalıram… Ömrüm boyu iki sənətkara özümü borclu hesab eləmişəm. Biri, Hacı Məmmədovdur. O mənə dərs verib, bu sənəti öyrədib. O biri isə məni əlimdən tutub səhnəyə çıxaran, camaata tanıdan Baba Salahovdur. Baba müəllim rəhmətə gedəndən sonra ansambl “Araz” adı ilə fəaliyyətini davam etdirdi. 1989-cu ildə müraciət etdim ki, Əhməd Bakıxanov adına, Əhsən Dadaşov adına ansambllar var, Baba Salahovun adını da uzun illər rəhbərlik etdiyi ansambla verək. Mənim təkidimlə ansambl Baba Salahovun adını daşımağa başladı: “Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblı”.
– Həyatınızda rolu olan iki böyük sənətkarın adını çəkdiniz. Məncə, sizin populyarlaşmağınızda Hacıbaba Hüseynovun da rolu az olmayıb. Elə deyilmi?
– Əlbəttə. Hacıbaba Hüseynovun da mənim fəaliyyətimdə rolu böyükdür. Mən onda cavan oğlan idim, püxtələşməmişdim. Elə böyük sənətkarı müşayiət etmək mənim üçün çox böyük hadisə idi. Onun bircə kəlməsi mənim üçün bəs idi. Camaata deyirdi ki, Ağasəlim yaxşı sənətkardır ha…
– Ağasəlim müəllim, muğamatı müasir çalarlarla ifa etmək istəyənlərə münasibətiniz necədir?
– Muğamı müasirləşdirmək olmaz. Keçmiş ənənədən nəsə götürüb düzgün istiqamət üzrə inkişaf etdirmək lazımdır.
– Hətta sitar səsi verən “çertvert” tarların da sayı artıb…
– Buna qəti yaxşı baxmıram. Tarda 22 pərdə var. Hərdən kiminsə tarının pərdələrini sayıram, görürəm, 33 pərdəsi var. Onların arasında vaxtilə məndən dərs almış tar ifaçıları da var. Onların pərdələrini qıra bilmirəm. Hərəsi axşamlar bir restoranda ifa edir deyə, qırmağa ürəyim gəlmir. Amma bu dəyişiklik tamamilə Azərbaycan musiqisini korlayır.
– Yaxşı, loru dildə desək, dədə-baba yolu oxumağın, ifa etməyin tərəfdarısınızsa, yaradıcılığı improvizələrlə zəngin olan Alim Qasımovun yenilikçiliyinə münasibətiniz necədir?
– Alim Qasımovla 1978-ci ildən 1988-ci ilə qədər, demək olar, hər gün el şənliklərində, ələlxüsus, Bakı toylarında birgə olmuşuq. Bu 10 ilin içində ondan elə oxumaqlar eşitmişəm ki… Təsəvvür elə, bu gün bir məclisdə “Rast” oxuyurdu, sabahısı gün həmin adamların qarşısında “Rast”ı ayrı ustalıqla oxuyurdu. Heç vaxt da əvvəlki oxumaqlarını təkrar eləmirdi. Yoxsa, camaat ona qulaq asmazdı. Alimin həddindən artıq böyük düşüncəsi, özünəməxsusluğu var. Mən ona çox qiymət verirəm. İndi də lazım olsa, muğamları dədə-baba yolu ilə oxuyar, oxuyur da…
– Onlarla sənətkarı müşayiət etmisiniz. Hansının səsi, ifası sizin üçün xüsusi olub?
– Rəhmətə gedənlərdən?
– Fərqi yoxdur…
– Elə müşayiət etdiklərimin çoxu rəhmətə gedib də… Hamısını çox sevmişəm. Heç biri arasında fərq qoya bilmirəm. Hərəsindən ayrı cür zövq almışam.
– Tələbələrdən razısız?
– Elə tələbələr var ki, müəllimə qulaq asır, müəllim necə öyrədir, o cür qavrayır, tətbiq edir. Elə tələbələr də var ki, öyrədirsən, dörd-beş ilin içində əməlli-başlı tar çalır. Sonra efirlərə çıxır, dinləyirsən, görürsən, tamamilə səhv istiqamətdə irəliləyir.
– Siz necə öyrədirsinizsə, tələbə elə ifa eləməlidir ki? Axı bu, yamsılamağa gətirib çıxara bilər…
– Qətiyyən, söhbət səlis ifadan gedir. Həmişə tələbələrimə deyirəm ki, mənim kimi tar çalmayın, mən sizə yalnız yol göstərirəm. Məni yamsılasanız, ifanıza ürəyimi, hissiyyatımı ifadə edə bilməyəcəksiniz. Öz hissiyyatınızla elə ifa edin ki, camaata xoş gəlsin. Məni yamsılamaq nəyə lazımdır? Mən özüm ifa edirəm də…
– Yəqin, yaş barmaqların sürətinə də təsir edir…
– Cavan vaxtı gənclik tempini saxlamağa çalışırdım. Evdə də, konsertqabağı məşqlərdə də “Mahur-Hindi”, “Orta Mahur” çalırdım ki, barmaqlarım yatmasın. Bir sözlə, sürətli muğamlara üstünlük verirdim. İndi isə tarı götürəndə asta templi muğamlar çalıram. Məsələn, “Zabul”, “Bayatı-Şiraz” və digərləri.
– Bəs özünüzlə baş-başa qalanda, darıxanda nə ifa edirsiz?
– “Şur” muğamını.
– Oğlunuz da tar üzrə təhsil alıb. Çox vaxt musiqiçilər övladlarının sənətə gəlməyinə qarşı çıxır. Oğlunuzun tarzən olmağı sizin ürəyinizcə idimi?
– Özünün həvəsi çox idi. Gördüm, bu həvəsin qabağını almaq günah olar.
– Amma, deyəsən, sənəti davam etdirmədi…
– Musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil oldu. Kolleci bitirən kimi hərbi xidmətə yollandı. Əsgərliyi bitirməyinə üç ay qalmış Yusif Axundzadə dedi ki, oğlun orkestrin alətlərindən birini öyrənsin, hərbi orkestrdə qalsın. Belə də oldu… 24 ildir hərbi orkestrin solistidir.
– Bəs istərdinizmi ki, kimsə yolunuzu davam etdirsin?
– Nəvəm yolumu davam etdirir, Konservatoriyada təhsil alır, dördüncü kursdadır.
– Sizcə, adınıza layiq ifaçı ola biləcək?
– Gümanım var ki, yaxşı olacaq. Tənbəllik eləməsə, ürəyim istəyən səviyyədə yetişəcək.
– Ağasəlim müəllim, illər əvvəl ailənizdə böyük faciə yaşandı. Avtoqəzada ailə üzvlərinizin bəzilərini itirdiniz…
– O barədə çox sual verirlər, danışmaq istəmirəm. Həyatdı da…
– Sadəcə, mənə maraqlıdır, sizi psixoloji olaraq vəziyyətdən çıxaran nə oldu?
– Tar mənə mənəvi kömək oldu. Sənətə bağlılığım məni xilas etdi. Bundan əlavə, Nardaran, Binə kəndinin camaatı sağ olsun. Məni çox istəyirlər. Qoymadılar çox sıxılım, darıxım.
– Ağasəlim müəllim, muğamatın dinləyici auditoriyası da, əvvəlkinə nisbətən, məhdudlaşıb. Konkret səbəblər barədə danışsaq, hansı məqamları qeyd edə bilərsiniz?
– Əvvəllər bir televiziya kanalı var idi. Tez-tez böyük sənətkarlarımızın ifaları səsləndirilirdi, oxuya bilməyəni efirə buraxmırdılar. İndi kanallar çoxalıb, hansı televiziya kanalını açırsan, görürsən ki, kim ağzına nə gəldi oxuyur. Bu, milləti muğamdan uzaqlaşdırır. Toylarda da vəziyyət belədir. Restoran toyları bir kənara, kənd toylarına qonaq qismində gedirəm. Baxırsan, cavan uşaqdır, amma oxuya bilmir. Bir balaca muğam oxuyur, ardınca nəsə təsnif mızıldanır. Camaat da bezir, deyirlər, qoy oyun havası çalınsın. Xanəndə toyda yaxşı oxusa, camaat oyun havası arzulamaz. Yaqub Məmmədovu, Hacıbaba Hüseynovu toyda kim saxlaya bilərdi?!
– Sizdən gənc nəsil tar pedaqoqlarının əsas problemi nədir?
– Muğamı düzgün bilsələr, yaxşı öyrədərlər. Görürsən, müəllimlik edir, amma muğamı yaxşı bilmir. Məsələn, mənim bəzi tələbələrim var ki, gözəl tar çalırlar. Di gəl, elə şeylər edirlər ki, muğam korlanır. Bu cür də təbliğ edirlər. Sonra onun tələbəsi də püxtələşə bilmir.
– Hamı bilir ki, çox həlim xasiyyətiniz var. Bu illər ərzində ayağınızın altını qazmaq istəyən olub?
– Mən elə şeylərə çox fikir verməmişəm. Elə bir şey qulağıma çatmayıb. Amma kimsə ayağımın altını qazmaq istəsə belə, buna gücü çatmaz.
– Yəqin siz də razılaşarsınız ki, Əhsən Dadaşovun ansamblı tamamilə digərlərindən fərqlənirdi…
– Bəli, razıyam.
– Bəs bunun səbəbi nə idi?
– O ansamblın başqa ansambllardan fərqlənməyinin səbəbi onda idi ki, o ansamblın rəhbəri Azərbaycanın ən şirin, ürəkli tarzəni olan Əhsən Dadaşov idi. Əhsən müəllim çox yüksək istedada malik idi. Onunla üç ildən yuxarı birgə çalışmışam. Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində ikimiz də solist idik. O, orkestrdə ikinci sırada, mən isə üçüncü sırada əyləşirdim. Hərdən Əhsən müəllimin yanında oturan qız gəlmirdi, mən onun yerinə – Əhsən müəllimin yanına keçirdim. Fəxr edirəm ki, Əhsən müəllimin qarşısındakı not kağızının səhifəsini mən çevirmişəm.
– Qadın tarzənlər nəsə kölgədə qalır, yox?
– Yaxşı qadın tarzənlər var. Bir ağsaqqal lazımdır ki, onları istiqamətləndirə, üzə çıxarda.
– Elə ağsaqqallardan biri siz…
– Təkcə bizdən asılı deyil, aidiyyəti qurumlardan çox şey asılıdır. Qadın tarzənləri konsertlərin proqramına əlavə etmək lazımdır.
– Ağasəlim müəllim, xeyli danışdıq, bilirəm, sizin də danışmaqla aranız yoxdur…
– Çoxdandır, bu qədər çox danışmırdım…
– Doğum gününüz mübarək, cansağlığı arzu edirik.
– Var olun…
Sağollaşıb sinif otağından ayrılarkən Ağasəlim Abdullayevlə birgə, heç vaxt üzünü görmədiyim, çalğısını eşidib ürəyini hiss etdiyim Baba Salahovla, Əhsən Dadaşovla, Əhməd Bakıxanovla və nəhayət, Hacı Məmmədovla sağollaşdığımı hiss etdim. O kişilərin nuru Ağasəlim müəllimin simasında, ifasında cəmləşib. Deməli, biz bu gün təkcə Azərbaycanın böyük tarzəni ilə yox, həm də klassiklərin ruhunu, nəfəsini yaşadan, nəsillərarası körpü rolunu oynayan sənətkarla həmsöhbət olduq…