“Expressbank” ASC 2024-cü ilin üçüncü rübündə daha çox faiz ödəyib.
Heftelik.az-ı bankın maliyyə hesabatına istinadən verdiyiməlumata görə, nəticədə faiz xərcləri 6,96 milyon manatdan 8,82 milyon manata yüksəlib.
Ümumilikdə, bankın xalis faiz gəlirləri ilk doqquz ayda 15,2% artaraq 35,6 milyon manata, qeyri-faiz gəlirləri isə 9,2% artaraq 15,3 milyon manat təşkil edib.
Beləliklə, bank cari ilin ilk doqquz ayında 15,47 milyon manat əməliyyat mənfəəti əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 15% və ya 2 milyon manat çoxdur.
Əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətin azalması bankın mümkün zərərlər üzrə ehtiyat aktivləri birdən-birə 4 dəfəyə yaxın artıraraq 3,95 milyon manata çatdırması ilə bağlıdır. Ötən ilin eyni dövründə bu rəqəm 1,02 milyon manat olub.
Bu il oktyabrın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 2,4% artaraq 573,7 milyon manata, cəmi öhdəlikləri 1,6% artaraq 437,3 milyon manata, cəmi kapitalı isə 5% artaraq 136,3 milyon manata yüksəlib.