Prezident İlham Əliyev: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi”
44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə, əlbəttə ki, bütün dünya azərbaycanlılarının sevincinə səbəb olmuşdur. Və bu, Azərbaycan xalqının yaddaşında tarixi qələbə olaraq qalacaq. Çünki Azərbaycan xalqı uzun illər idi ki, hər zaman nə qədər mübarizə aparsa da etnik təmizləməyə məruz qalmış və torpaqları işğal olunmuşdur. Və xalqımız işğalda olan torpaqlarını azad etmək üçün uzun illər mübarizə apardı və bu qələbəyə artıq nail oldu. Bu, əlbəttə ki, hər kəs sevinirdi.
90-cı illərdə Ermənistanın xarici havadarları hesabına torpaqlarımızı işğal etməsi hər birimiz üçün böyük bir məyusluq yaratmışdı. 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşmüşdür. Dövlətimiz onların öz torpaqlarına qayıtması üçün mübarizə aparırdı. Həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsi dünya gündəminə çıxarılmışdır. Bu haqda Ulu Öndər Heydər Əliyev beynəlxalq tribunlarda öz çıxışlarında qeyd edirdi və artıq dünya Ermənistanın bir işğalçı dövlət olduğunu görürdü. Əlbəttə ki, Ümummilli Liderin siyasətini davam etdirən Prezident İlham Əliyev də bu istiqamətdə əzmkar fəaliyyət göstərmişdir. Cənab İlham Əliyev Prezidentliyi dövründə bu məsələni hər zaman beynəlxalq birliyin diqqətinə çatdırmış, xarici qonaqlarla görüşlərində bildirmişdi. İlk dəfə Prezident seçiləndə, andiçmə mərasimində cənab İlham Əliyev bu məsələyə xüsusi toxunmuşdu. Dövlətimizin başçısı dəfələrlə çıxışlarında qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağını və işğalda olan torpaqlarda da Azərbaycanın dövlət bayrağının dağılacağını qeyd etmişdir. Və Cənab Prezident öz vədinə əməl etdi. Məhz Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq torpaqlarımız düşməndən geri aldı. Əlbəttə ki, torpaqlar işğaldan azad olunduqdan sonra orada Azərbaycan bayrağının dalğalanması əlamətdar tarixi günlərdən biridir. Bu baxımdan 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılmasını da xüsusi qeyd etməliyik. Prezident İlham Əliyev həmin gün Xankəndi şəhərindəki nitqində bildirib ki, bütün Azərbaycan xalqı ürəkdən sevinir: “Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
Ümumiyyətlə, dövlət bayrağımızın işğaldan azad olunan torpaqlarda dalğalanması bizim qələbə rəmzidir. Bu, hər birimizin sevinci idi. Xalqımız 15 oktyabr gününü unutmur və bununla çox böyük qurur duyur. Cənab Prezident işğaldan azad olunan rayonlarda hər dəfə bayrağımızı ucaltdıqdan sonra xalqa böyük qürur hissi ilə müraciət edir və müraciətində də Azərbaycan Ordusunun, Azərbaycan gəncinin qəhrəmanlığını xüsusi olaraq qeyd edir. 2023-cü ilin 23 oktyabrında da öz nitqində bu haqda danışıb: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”. Azərbaycan xalqının mübarizə əzmi qırılmazdır. Bu Qələbə, xalqın qürurunu artırmışdır. Yeni nəsil hər zaman bu Qələbə ilə fəxr edəcək. Cənab Prezident də müntəzəm olaraq xalqla əlaqə saxlayır, ordunun və gənclərin qəhrəmanlığını vurğulayır.
Azərbaycan 30 il ərzində, belə deyək ki, ildən-ilə daha da güclənmişdir. Dövlətin həyata keçirdiyi islahatlar, icra olunan iqtisadi proqramlar, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ölkənin, ümumiyyətlə, daxili və xarici siyasətində edilən reformalar Azərbaycanı daha da gücləndirmişdir. Azərbaycan xüsusilə dünya miqyasında özünə layiqli bir yer tutmuşdur. Cənab Prezident Xankəndində də qeyd etmişdir ki, bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir: “Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır”. Artıq Azərbaycan regional və beynəlxalq layihələrin mərkəzində olan bir ölkədir. Xüsusən Avropanın enerji təhlükəsizliyində Azərbaycan artıq ən aparıcı rol oynayır. Belə deyək ki, bu layihələr Azərbaycan olmasa icra olunmaz, irəli gedə bilməz. Bu da bizim ölkəmizin gücünün göstəricisidir. Azərbaycanın müəllifi olduğu bütün layihələr dünya ilə səsləşir. Qlobal problemlərin həllinə Azərbaycan öz töhfəsini verir. Azərbaycanda keçirilən tədbirlər, xüsusən son illər keçirilən beynəlxalq tədbirlər məhz qlobal problemlərə həsr olunur. Azərbaycan artıq təkcə özünü deyil, dünyanı fikirləşir. Ölkəmiz dünyanın problemlərinin müzakirə mərkəzinə çevrilib. Bununla biz artıq bir dünya dövləti olduğumuzu sübut edirik. Bu da Azərbaycanın gələcək inkişafının, perspektiv fəaliyyətinin daha da uğurlu olacağının göstəricisidir. Çünki atılan hər bir addım Azərbaycanın inkişafına, xalqımızın rifahına xidmət edir. Və dövlətimiz bununla, eyni zamanda öz imicini qaldırmaqla bərabər, Azərbaycan xalqının da imicini yüksəldir. Elə Vətən müharibəsində əldə olunan qələbə bütün dünya azərbaycanlılarının imicinin artması deməkdir. Dövlətimizin başçısının dediyi kimi, Qələbə əbədi bizimlə olacaq: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Bəli, biz öz qələbəmizlə, qalib ölkənin, qalib xalqın nümayəndəsi olaraq fəxr edəcəyik. Və bu da hər bir azərbaycanlı üçün çox böyük bir qürurdur.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi