“Yollardakı COP29 zolaqlarının avtobus zolaqlarından nə status baxımından, nə də hansısa digər meyarlara görə fərqi yoxdur. Bu zolaqlardan istifadə zamanı tətbiq olunan qaydalar COP29 zolaqlarına da aiddir”.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat və Hava Yolları Əməliyyatları Departamentinin direktoru Orxan Mahmudlu jurnalistlərə deyib.
O qeyd edib ki, müxtəlif ölkələrin liderlərinin Bakıya səfəri dövründə həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələri və stikerlərin tətbiq olunması gözlənilir: “Zolaqların içərisində COP29-un loqosu olsa da, onlar avtobus zolaqlarıdır. Əslində şəhərin mobillik planı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu. Sadəcə COP29 tədbiri ilə əlaqədar bu proses müəyyən qədər sürətləndirilib. COP29 zolaqlarının avtobus zolaqlarından nə status baxımından, nə də hansısa digər meyarlara görə fərqi yoxdur. Cərimələnmə mexanizmi və bu zolaqlardan istifadə zamanı tətbiq olunan qaydalar COP29 zolaqlarına da aiddir. Növbəti aydan etibarən bu zolaqlar COP29 üçün nəzərdə tutulan şatl avtobusları, xüsusi qrup taksilər, həmçinin tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması üçün ayrılacaq. Həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələri və stikerlərin olması gözlənilir ki, bu stikerlər COP29 Əməliyyat Şirkəti tərəfindən xüsusi təyin olunmuş xidməti avtomobillərə, şatl avtobuslarına və taksilərə əvvəlcədən veriləcək”.