Qlobal istiləşmə və ətraf mühitin deqradasiyası ilə mübarizənin aktuallığı getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdədir. Bütün bəşəriyyətin taleyinə təsir edən bu çağırışlara adekvat reaksiya sərgilənməsi üçün beynəlxalq dialoqa və əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının (COP)  əsas məqsədlərindən biri də budur. Bu qəbildən olan Konfransın 29-cu Sessiyasına ev sahibliyi edəcək Azərbaycan beynəlxalq dialoq üçün müvafiq platformanın təmin edilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir.

CO29 qlobal iqlim məqsədlərinə çatılması baxımından heç şübhəsiz ki, mühüm bir mərhələnin başlanğıcı olacaq. Bu fonda xüsusi qeyd edilməlidir ki, COP29 gündəliyinə 14 böyük təşəbbüs daxil edilib. İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu, İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü, COP Atəşkəs çağırışı, Bakı Qlobal İqlim Şəffaflığı Platforması və digər təşəbbüslər COP tarixində mühüm yeniliklərə yol açacaq. Elə bu səbəbdən də Azərbaycanın irəli sürdüyü təşəbbüslərə beynəlxalq miqyasda da yüksək maraq ifadə olunur.

O da mühüm məqamlardan biridir ki, CO29 zəngin karbohidrogen resursları ilə tanınan Azərbaycanın artıq “yaşıl iqtisadiyyat”, eləcə “yaşıl texnologiyalar” ölkəsinə çevrilməkdə olduğunu bütün dünyaya nümayiş etdirəcək bir platforma olacaq. Bu, həm də “yaşıl iqtisadiyyat”a keçid baxımından Azərbaycanın yaratdığı uğurlu bir modelin dünyaya təqdimatı üçün olduqca önəmlidir. Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçidlə bağlı qazandığı nailiyyətləri dünyaya təqdim etməsinin bir sıra digər mühüm səbəbləri də mövcuddur. Məsələ burasındadır ki, hazırda dünya boyu iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və resursların tükənməsi ilə bağlı narahatlıqlar artdıqca, “yaşıl iqtisadiyyat” daha böyük önəm kəsb edir. Çünki belə iqtisadiyyat ekosistemlərə xələl gətirmədən iqtisadi tərəqqini təşviq edir. Bu transformasiyanın mərkəzində karbon emissiyalarını azaltmaq, resurslara qənaət etmək, istehsal və istehlakın ətraf mühitə təsirlərini minimuma endirmək üçün nəzərdə tutulmuş “yaşıl texnologiyalar”ın inkişafı dayanır. “Yaşıl iqtisadiyyat”ın və “yaşıl texnologiyalar”ın inkişaf etdirilməsi cəmiyyətlərdə ekoloji davamlılıq və iqtisadi rifahın bir-birinə qarışan problemlərinin həllində köklü dəyişikliyi əks etdirir.

Ümumiyyətlə,  “yaşıl iqtisadiyyat” davamlılığı və inklüzivliyi prioritetləşdirən iqtisadi modeldir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramına görə, “yaşıl iqtisadiyyat” ekoloji riskləri və problemləri əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, insanların rifahının yüksəlməsinə də ciddi təsir edir. Bu model, uzunmüddətli ekoloji dayanıqlılıq hesabına qısamüddətli mənfəət və artıma üstünlük verən ənənəvi iqtisadi sistemlərdən fərqlənir. O, karbon emissiyalarını azaldan, biomüxtəlifliyi qoruyan, enerji və təbii ehtiyatlardan səmərəli istifadə edən sənayenin, buna müvafiq yeni iş yerlərinin yaradılmasını təşviq edir. Məsələn, bərpa olunan enerjiyə keçid təkcə karbon emissiyalarını azaltmağa kömək etmir, həm də külək, günəş və su enerjisi kimi sektorlarda yeni iş imkanları yaradır. Bunun əyani nümunəsini Azərbaycanın timsalında görmək mümkündür. Bu nümunənin geniş yayılması Azərbaycan üçün prioritetdir, çünki o, iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırılmasına böyük dəstək ifadə edir.

Ekoloji cəhətdən təmiz hesab oluna “yaşıl texnologiyalar” da enerji səmərəliliyini artırmaq, tullantıları azaltmaq və bərpa olunan mənbələrdən istifadəni dəstəkləməklə insan fəaliyyətinin ətraf mühitə təsirlərini minimum həddə endirmək məqsədi güdür. Belə texnologiyanın ən mühüm sektorlarından biri bərpa olunan enerjidir. Günəş, külək, su və digər bərpa edilən enerji texnologiyalarının əsas enerji mənbələrinə çevrilməsi günümüzdə zəruri şərtdir. Bu istiqamətdə də Azərbaycanda genişmiqyaslı fəaliyyət həyata keçirilir,  xarici tərəfdaşlarla  uğurlu iş aparılır. Eyni zamanda xarici investisiyalar hesabına Azərbaycanda “yaşıl enerji” istehsalında mühüm nailiyyətlərə imza atılır. Qeyd edilənlərin ən bariz nümunəsi ötən ilin oktyabrın 26-da istifadəyə verilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasıdır. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa olunan bu stansiyaya xarici sərmayə qoyuluşu 262 milyon ABŞ dolları dəyərindədir. O, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir ki, bu da 110 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda, atmosferə atılan karbon emissiyasının 200 min ton azaldılması deməkdir.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonalarına çevrilməsi istiqamətində ölkəmizdə genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu istiqamətdə xarici tərəfdaşlarla, o cümlədən Böyük Britaniyanın BP,  Səudiyyə Ərəbistanının “ACWA Power”, Çinin “China Gezhouba Group Overseas Investment”  şirkətləri ilə sıx işbirliyi həyata keçirilir. Günəş işığı, külək və su kimi təbii ehtiyatlardan istifadə etməklə, bərpa olunan enerji texnologiyaları bərpa olunmayan mənbələrdən asılılığı aradan qaldırır və iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edir.

“Yaşıl texnologiyalar”ın inkişafının digər mühüm sahəsi enerji səmərəliliyidir. Binalarda, nəqliyyatda və sənaye proseslərində enerjidən istifadənin səmərəliliyini artıran texnologiyalar ümumi enerji tələbatının və emissiyaların azaldılmasında mühüm rol oynayır. “Yaşıl texnologiyalar”, həmçinin tullantıları minimuma endirməyə və resurs səmərəliliyini maksimuma çatdırmağa yönəlmiş dairəvi iqtisadiyyatın inkişafına da mühüm töhfələr verir. Bu və digər istiqamətlərdə ölkəmizdə görülən işlər, əldə olunan nailiyyətlər COP29 çərçivəsində bütün dünyaya təqdim olunacaq.

MTM Analitik Qrup