“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gündə azad edən qəhrəmanlarımızın gənc nəslə tanıdılması ilə bağlı növbəti tədbirini keçirib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Laçın rayon 11 saylı və Kəlbəcər rayon 18 saylı tam orta məktəbin 56 nəfər şagirdi iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova işğaldan azad olunan ərazilərimizə qayıdacaq şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi üçün Vətən Müharibəsi iştirakçıları ilə görüşlərin əhəmiyyətli olduğunu qeyd edib.
G.Həsənova qeyd edib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin əsas məqsədi Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı məlumat hazırlayıb Şərqi Zəngəzur məktəblərində və sosial mediada təbliğ etməklə torpaqlarımızı işğaldan azad edən qəhrəmanları gənc nəslə tanıtmaqdır. İndiyədək Vətən Müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda rəşadətlə döyüşərək şəhid olan 34 nəfər Vətən Müharibəsi Qəhrəmanı barədə məqalələr hazırlanıb. Eyni zamanda 2020-ci ilin Tovuz döyüşlərində xüsusilə fərqlənən və Azərbaycan Milli Qəhrəmanı adı verilən general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev barədə məqalə hazırlanıb. Həmin məqalələr Moderator.az saytı, həmin media orqanının “facebook” səhifəsi və təşkilatımızın sosial şəbəkə hesabında yayılıb. Həmin məqalələrlə tanış olaraq Vətən Müharibəsi Qəhrəmanlarının döyüş yolları ilə bağlı hər kəs məlumat ala bilər. Eyni zamanda şəhid olan Vətən Müharibəsi Qəhrəmanları barədə qısa bir video hazırlanıb və tədbirin gedişində izləyə biləcəksiniz”.
G.Həsənova daha sonra qeyd edib ki, layihənin eksperti, Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzulidən Şuşayadək döyüş yolu keçən Cavid Həsənov məktəblilərə Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əməliyyatlarda göstərdikləri qəhrəmanlıqlardan danışacaq.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanları barədə hazırlanan video nümayiş etdirilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru Arzuman Qarayev bildirib ki, dörd il öncə həyacanla rayonlarımızın, kəndlərimizin işğaldan azad olunma xəbərini həyacanla gözlədiyimiz bu günlərdə, indi zəfər günlərimizi qeyd edirik: “Bu zəfəri bizə yaşadan qəhrəmanları daim yad etmək, onların döyüş yollarını öyrənmək isə bizlərin borcudur. Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunan döyüş yoldaşlarının keçdiyi döyüş yolu ilə bağlı qəhrəmanlıq dastanını bu gün onlarla döyüşən qazimizin öz dilindən eşidəcəksiniz”.
Daha sonra tədbirdə çıxış edən Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Şuşayadək döyüş yolu keçən Cavid Həsənov torpaqlarımızın azadlığı uğrunda canından keçən döyüş yoldaşları barədə məlumat verib: “Bir az öncə izlədiyiniz videoda şəhid olan Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı məlumatı və onların fotolarını gördünüz. 44 günlük Vətən Müharibəsi zamanı ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır. Həmin Vətən Müharibəsi Qəhrəmanlarının bir çoxu ilə çiyin-çiyinə döyüşmüşük. Azərbaycan ordusunu Şuşayadək aparıb çıxaranlardan biri olan, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Cəfərov mənim komandirim olub. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdə fəal iştirak edən qəhrəman zabitimiz öz cəsurluğu, peşəkarlığı, döyüş meydanında göstərdiyi sücaəti ilə əsgərlərinə bir örnək idi. Bir çox döyüşlərdə iştirakına şahid olduğum polkovnik-leytenant Anar Əliyev, Kapitan Rəşad Abdullayev, Mehrab Niftəliyev, Elmar Vəliyev, Camal İsmayılov, Sübhan Cəbrayılovun döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıqlardan günlərlə danışmaq olar. Vətənimizi canlarından əziz tutan bu qəhrəmanlarımız öz qanları ilə bir tarix yazıblar”.
Cavid Həsənov daha sonra Vətən Müharibəsi Qəhrəmanları polkovnik-leytenant Əliyev Anar Vaqif oğlu, kapitan Abdullayev Rəşad Arif oğlu, baş gizir Cəbrayılov Sübhan Rahim oğlu, baş gizir İsmayılov Camal Vidadi oğlu, baş gizir Niftəliyev Mehrab Söhrab oğlu və gizir Əsgərli İntiqam Bayram oğlunun real döyüş əməliyyatlarında qəhrəmanlıqları barədə şagirdlərə məlumat verib.
Daha sonra Vətən Müharibəsi qazisi Cavid Həsənov məktəblilərin suallarını cavablandırıb.