Bu gündən 2024/2025-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Heftelik.az-a verilən məlumata görə, müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 31 oktyabr, saat 18:00-dır.

Məlumatda qeyd edilib ki, təhsil müəssisəsini və ya ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər:

“Bu qayda eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alan şəxslərə şamil olunmur. Təhsil haqqı tədris olunan ixtisas üzrə təyin edilmiş məbləğdə ödənilməlidir. İlk peşə təhsili səviyyəsi üzrə təhsil alan və texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər”.

Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://e-qanun.az/framework/55807