Sifarişçi (podratçı) müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir.