Binanın daxilində tikilmiş quru buxar (sauna) otaqlarının zirzəmilərdə və 100 nəfərdən artıq adam olduğu otaqlarla yanaşı yerləşdirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxilində tikilmiş saunalar quraşdırılarkən aşağıdakı tələblərin yerinə yetirilməsi zəruridir:
– Buxarxanası olan saunanın həcmi 8 m3-dən az və 24 m3 -dən çox olmamalı, tutumu isə 10 nəfərədək olmalıdır;
– Sauna otaqları kompleksi odadavamlılıq dərəcəsi I, II, III olan binalarda 1-ci tip yanğından mühafizə arakəsmələri və 2-ci tip mərtəbəarası örtüklərlə, odadavamlılıq dərəcəsi IV olan binalarda – yanğından mühafizə arakəsmələri və mərtəbəarası örtükləri REI 60-dan az olmamaq şərtilə ayrılmalıdır;
– Buxarxana kompleksinin xaricə ayrıca təxliyə çıxışı olmalıdır; çıxışların bilavasitə insanların binalardan təxliyəsi üçün nəzərdə tutulan vestibüllərə, hollara, pilləkən qəfəsələrinə düzəldilməsinə yol verilmir;
– Elektriklə işləyən buxarının gücü buxarxananın həcminə müvafiq olmalı (həmin buxarını hazırlayan müəssisənin təlimatına uyğun) və müvafiq olaraq 15 kVt-dan artıq olmamalıdır. Elektrik qızdırıcı cihaz 8 saat işlədikdən sonra avtomatik olaraq dayanmalıdır;
– Buxarxana otaqlarının hündürlüyü 1,9 m–dən az olmamalıdır;
– Elektrik buxarıdan buxarxana divarının üzlüyünədək olan məsafə 20 sm-dən az olmamalıdır;
– Tavanın altında, bilavasitə elektrik buxarının üstündə yanmayan istilikizolyasiya-edici lövhənin qoyulması vacibdir. Lövhə ilə tavanın üzlüyü arasındakı məsafə 5 sm-dən az olmamalıdır;
– Buxarxanada temperatur avtomatik olaraq 110ºC-dən çox olmayaraq saxlanılmalıdır;
– Buxarxanada təbii vurucu-sorucu ventilyasiya nəzərdə tutulmalıdır;
– Buxarxananın üzlənməsində qatranlı oduncaqdan istifadəyə yol verilmir;
– Buxarxana otağı perimetr üzrə buxarxanaya girişdə idarə olunan drençer qurğusu ilə təchiz olunmalıdır;
– Çəkilmiş kabellərin mühafizəsi istiyə davamlı olmalı və buxarxanada yol verilən ən yüksək temperatura hesablanmalıdır;
– Elektrik buxarının idarəetmə pultu quru otaqda buxarxana qarşısında yerləşdirilməlidir;
– Buxarxanada qapı ilə döşəmə arasında 30 mm-dən az olmamaq şərtilə aralıq nəzərdə tutulmalıdır;
– Buxarxananın soyunma otaqları tüstü əleyhinə yanğınxəbərverici avadanlıqlarla təchiz olunmalıdır.