Oktyabrın 24-də “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Heftelik.az-ın məlumatına görə, paytaxtda təşkil olunan mədəni-kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin əməliyyat planına əsasən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.
Matça olan tamaşaçı marağı, eləcə də sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, növbətçilik cədvəli əsasında ayrılacaq metropoliten əməkdaşları səmti daha rahat müəyyən etmək üçün sərnişinləri yönləndirəcək və texniki işləri icra edəcəklər.
Məlumata görə, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Gün ərzində qatarlar payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Oyun başa çatdıqdan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.