Daşkəsən rayonunda yaşayış binasında mənzillərdən birində partlayış olub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu ağır yanıq xəsarətləri alıb.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılacağı planlaşdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.