BRİCS-in Kazanda keçirilən sayca on altıncı sammitinin dünyanın beynəlxalq münasibətlər sistemində yeni bir səhifə açıb. Son 15 il ərzində BRİCS iqtisadi və siyasi əməkdaşlıq üçün bir platforma yaradıb. Dünya əhalisinin təxminən 45%-ni əhatə edən və qlobal ÜDM-in 35%-ə qədərini istehsal edən BRICS+ ölkələrinin iqtisadiyyatının həcmi nüfuzlu təşkilatların ekspertlərinin qənaətinə əsasən, 20 trilyon dollar, G7 ölkələrinin iqtisadiyyatının cəmi isə 40 trilyon dollar təşkil edib.
BRICS hazırda on ölkəni – Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ozündə birləşdirir. 30-a yaxın ölkə, o cümlədən Azərbaycan və qardaş Türkiyə də bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu almaq istəyini bəyan edib.
Oktyabrın 23-24-də Kazanda keçirilən BRICS Sammitidə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak ediblər. Sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib. Çox məhsuldar keçən səfər zamanı ölkə başçısı Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri olub.
Prezident İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edərək çıxış edib. Prezident İlham Əliyevin sammitdə dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır: “Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib və bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Bu nümunə deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək. Bundan əlavə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi BRICS ölkələri arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından cəlbedicidir. Coğrafi mövqe və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Ona görə də, BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur.
Ölkə başçısı həm də bildirib ki, “növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.
Qeyd edilməlidir ki, BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü