Oktyabrın 25-də dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Heftelik.az-a verilən məlumata görə, dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib:

“Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

“Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

***

saat 16.54

Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Heftelik.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.