CBC telekanalının İrəvanın Azərbaycan tarixindən bəhs edən “İrəvanın gizli irsi” filmi Los-Ancelesdə keçirilən nüfuzlu “IndieX Film Fest”də “Üstün Nailiyyət” Mükafatına layiq görülüb. Telekanalın rəhbəri Vüqar Xəlilovun Baş prodüsserliyi ilə ərsəyə gələn film sənədli qısametrajlı filmlər nominasiyası üzrə mükafat alıb.
Heftelik.az-ın məlumatına görə, “IndieX Film Fest” Los-Ancelesdə keçirilən beynəlxalq qısametrajlı film festivalıdır. “IndieX”in keçmiş qalibləri arasında “Oskar” qalibləri Barni Burman və Koel Harlou, Oskar namizədləri Abigeyl Breslin, Brus Davison, Canet Maktir, Keişa Kasl-Huces və Paul Qiamatti, “Emmy” qalibləri Loretta Devin və Patrik Norris var. Festivalda həmçinin “Emmy” namizədləri Kevin Bekon, Kayra Sedvick və Kara Bueno mükafatlandırılıb.
CBC-nin filmi həm də Amsterdamda keçirilən nüfuzlu “Around” Beynəlxalq Film Festivalının finalçısı olub. Məlum olub ki, CBC telekanalının daha bir filmi “Türkiyə tamğası Azərbaycan ərazisində” Amerika festivalı “New York International Film Awards”da dörddəbir finalçı olub və festivalın əsas mükafatlarına doğru irəliləyir.
Qeyd edək ki, “İrəvanın gizli irsi” sənədli filmi Ermənistanın hazırkı paytaxtında azərbaycanlıların olması barədə tarixin çox az məlum səhifələrindən bəhs edir. Tarixi xəritələri, sənədləri və nadir fotoşəkilləri tədqiq edən çəkiliş qrupu itirilmiş mədəni irslə bağlı ekspedisiyaya yollanıb. Təhlükəsizlik məqsədilə jurnalist araşdırması gizli kamera ilə aparılıb. Filmdə diqqət mərkəzində bu gün yaşayış massivlərinin yerləşdiyi Təpəbaşı Məscididir. Filmdə, həmçinin Cəfərabad kəndində Pənah xan Əlixanın oğlunun evi, Göy məscid və Əmir Sədin məqbərəsindən də bəhs edilir. Bu gün bu memarlıq abidələrindən və tarixi məhəllələrdən qalan hər şey tamamilə yox olmaq ərəfəsindədir.