“Azərişıq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin quraşdırılması işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında Sərəncamına əsasən zəruri infrastruktur yaradılır, şarj aparatları dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.

Heftelik.az xəbər verir ki, cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, eləcə də Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtın əksər rayonlarında şarj aparatları quraşdırılıb. Hazırda 13 məntəqədə: Nərimanov rayonunda “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, Gənclik metrostansiyası yaxınlığında, Atatürk parkında, Aşıq Molla Cümə küçəsində 215 saylı yarımstansiyanın qarşısında, Yasamalda 120 saylı yarımstansiyada, Səbaildə Nizami küçəsində və “İçərişəhər” yarımstansiyasında, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarında, Xəzər rayonunda Buzovna qəsəbəsində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev prospektində enerji doldurma məntəqələri istismara hazır vəziyyətə gətirilib.