Gəncə şəhərində Böyük Qayıdış prosesinə cəlb olunan şəxslər üçün ağac oyma sənəti üzrə təlim və ustad dərsləri, həmçinin təcrübə proqramı təşkil olunub.

Heftelik.az-ın məlumatına görə, “Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin “Qarabağ Milli Sənət xəzinəmiz” layihəsi çərçivəsində təşkil etdiyi təlimlərdə 10-a yaxın gənc iştirak edib.
Təlim iştirakçıları üç gün ərzində oyma ustası Azər Əsədovun rəhbərliyi ilə taxta üzərində müxtəlif rəsmlər, cizgilər, fiqurlar oyulması texnikası ilə tanış olublar. Proqram boyunca iştirakçılar müvafiq xammalla təmin edilmək şərtilə öyrəndiklərini təcrübədə tətbiq edərək kiçik ölçülü oyma nümunələri, suvenir məhsulları hazırlayıblar. Təlimin sonunda iştirakçıların hazırladıqları ilk sənət nümunələri təqdim olunub.
Gənc təlim iştirakçılarına həmçinin mentor dəstəyi göstərilib. Art-qalereya rəhbəri Leyla Musayeva gənclərin sənətkar kimi ilk addımlarını atdıqları zaman onlara kömək edə biləcək platforma və mexanizmlər barədə danışıb. Gənclərin peşəkar şəkildə sənətlə məşğul olacaqları təqdirdə, onların üz tuta biləcəyi bazarlar barəsində məlumat verib.
Qeyd edək ki, “Qarabağ Milli Sənət xəzinəmiz” layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə icra olunur. Layihənin məqsədi işğaldan azad olunan bölgələrdə sənətkarlığın inkişafı və kadr potensialının artırılması, Qarabağa köçəcək gənclərə oyma sənətini yenidən aşılamaq və bu sənət növünə marağı artırmaqdan ibarətdir.