27 sentyabr  2020-ci il  Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması  üçün  Müzəffər Ordumuz əks-hücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu.  Vətən Müharibəsi zamanı  düşməni  ağır məğlubiyyətə uğradaraq torpaqlarımızdan çıxaran Müzəffər Ordumuz 30 il işğal altında qalan ,erməni vandalları tərəfindən darmadağın edilən rayon və kəndlərimizi şəhidlər verərək, qan tökərək qarış-qarış geri aldı.  Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı.  Bu Azərbaycanın  tarixi,  parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır.

Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.

Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqları Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, vətəninə və torpağına olan böyük məhəbbəti, eyni zamanda  igid əsgər və zabitlərimizin şücaəti  və xalqın birliyi ilə  işğaldan azad etdi.

Paytaxtın Xətai rayonu ərazisində yaradılan Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Azərbaycan xalqı və Azərbaycan dövləti bu Böyük Qələbəyə 30 illik uzun, çətin və şərəfli bir yolu qət edərək nail oldu. Kapitulyasiya müqaviləsində məğlubiyyəti qəbul etmələrinə baxmayaraq düşmən susmur, Ölkəmizə qarşı müharibəni davam etdirmək istəyirdi. Buna görə də 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Cənab Prezident bu il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı.  Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.  Bu tarix Azərbaycanın son 200 illik tarixinin şərəfli səhifəsidir. Belə bir günün təsis edilməsi gələcək nəsillər, dövlətçiliyimiz üçün əhəmiyyətlidir. Azərbaycan dövləti müstəqil olsa da, suveren deyildi. Həmin suverenliyi cənab Prezidentimiz İlham Əliyev qurdu. Millətimizin indiki və gələcək nəsillərinə necə yaşamağın düsturunu, formulunu cənab Prezidentimiz  İlham Əliyev göstərdi. Ona görə də Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir.

Samir Raufoğlu

Politoloq