Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya ödənişlərinin gecikdirilməsi ilə bağlı iddialara cavab verib.

Heftelik.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı dəfələrlə açıqlama verilib.

“Biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ayın sonunda ödənilməlidir. Sadəcə Azərbaycan Hökumətinin növbəti humanist addımı ondan ibarətdir ki, biz pensiyaları ayın sonunu gözləmədən ödəyirik. Ümumiyyətlə, pensiyalar sosial sığorta haqlarının hesabına ödənilən vəsaitdir. Sosial sığorta haqlarının toplanmasına uyğun olaraq, ayın bəlli dövrlərində pensiya fondu tərəfindən elan verilir və müvafiq ərazilər üzrə ödənişlər həyata keçirilir. Bir daha deyirəm ki, ödənişlər ayın sonunda ödənilməli olduğu halda ayın 10-15-i arasında bir qisim ərazilərimiz, 15-20-si arasında bir qisim ərazilərimizdə həyata keçirilir. Vaxtında ödəsək, bu o deməkdir ki, ayın sonunda ödəməliyik, bu da əhalimizin ziyanına olacaq”, – deyə nazir vurğulayıb.