İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hansı halları yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrəndiyinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı halları yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir:
– təqsirləndirilən şəxsə istinad edilən əməlin sübuta yetirildiyini və həmin əməlin cinayət tərkibi yaratmasını;
– təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirildiyini;
– İttihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsini;
– cinayətin törədilməsində ifşa edilmiş bütün şəxslərin iş üzrə cəlb edilməsini;
– cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların mövcudluğunu;
– təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edilməsini;
– müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin düzgün seçilməsini və bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət olunmasını;
– mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün tədbirlərin görülməsini;
– cinayətin törədilməsinə şərait yaradan halların müəyyən edilməsini və onların aradan qaldırılması üçün tədbirlərin görülməsini;
– cinayətin törədilmə hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsini;
– müstəntiqin tərtib etdiyi ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğunluğunu;
– bu Məcəllənin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini.