15 noyabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi, “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində, “Master biznes” Gənclərin biznes quruculuğuna dəstək layihəsi çərçivəsində ilk tədbir keçirilib.
İctimai birlikdən verilən məlumata görə, öncə tədbirdə çıxış edən layihə rəhbəri Həzrət Bədiyev iştirakçılara layihə haqda məlumat verib. O, qeyd edib ki, layihənin məqsədi biznes, startap, sahibkarlığa həvəs və marağı olan gənclərə sahibkarlıq fəaliyyəti haqqında məlumat və biliklərin verilməsi, həmçinin praktiki təcrübələrin əldə edilməsidir. Bu vasitə ilə də Azərbaycanda yeni bizneslərin yaradılmasına dəstək olmaqdır. Biznes və Karyera mövzusunda keçirilən təlimdə, startapçı, eyni zamanda Azərbaycanda ilk online halal market platformasının qurucusu Murad İsayev, exspert Anar Məhərrəmov iştirak edib.
Təlimin 1-ci hissəsində karyera quruculuğunun mərhələləri və xüsusilə də biznesdə əlaqələrin rolu mövzusuna toxunulub. Karyera inkişafında zəruri olan və əmək bazarının tələblərinə əsasən, ehtiyac olan və önəmli praktik bacarıqlardan bəhs edilib.
Təlimin 2-ci hissəsində ümumi biznes quruculuğunun elementləri, tələbatlı biznes sahələri və planlaması haqda danışılıb, xüsusi uğurlu modellər nümunələr əsasında qeyd olunub. Əlavə olaraq biznesdə piarın rolu və önəmi haqda danışılıb.
Təlimdə əlavə olaraq startapların mahiyyəti haqda da məlumat verilib. Təlim ümumilikdə interaktiv keçirilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb. Layihənin əsas iştirakçıları sahibkarlıqla məşğul olmaq istəyən gənc bəylər və xanımlardır.