Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan “Təbiətin səsi” adlı sərgi keçirilib.
Filarmoniyadan Heftelik.az-a verilən məlumata görə, sərgidə Gəncədə fəaliyyət göstərən rəssamların, Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən dərnək üzvlərinin, Kəlbəcər rayon UİM-nin şagird və məzunlarının əsərləri nümayiş etdirilib.
25 noyabradək filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışından sonra Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə konsert proqramı baş tutub. Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Zəminə Mustafayeva, Samirə Hacıyeva, Samir Məmmədov “Gözəl Şuşa”, “Bakı haqqında mahnı”, “Doğma diyar”, “Qarabağ”, “Azərbaycan” mahnılarını ifa ediblər.