ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.

Heftelik.az-ın məlumatına görə, Donald Tramp bu barədə “Truth” sosial media platformasındakı hesabında paylaşım edib.

Donald Tramp ABŞ-ın ciddi bir səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.

Mehmet Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Donald Tramp onun ABŞ səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da “Medicare” 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta qurumudur. “Medicaid” isə aşağı gəlirli ailələrə tibbi sığorta xidmətləri göstərən qurumdur.

“Medicaid”-in 2023-cü ildə büdcəsi 860 milyard dollar, “Medicare”-nin büdcəsi 848 milyard dollar olub.