Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanının yaradılır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunun 2.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod- paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1- dək qüvvədə olub.

2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı məhdudlaşdırılıb. Həmin tarixdən etibarən elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaq mümkündür. Lakin qanunun tətbiqi prosesində “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, dövlət sosial sığorta ve icbari tibbi sığorta haqqının ödənilməsi haqqında  qəbz əldə etməklə fəaliyyət göstərən (məişət cihazlarının təmiri ilə məşğul olan macburi saxslar, ofisiant, dərzi, bərbər, çəkməçi, pinəçi və s.), habelə Azərbaycan ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərin gücləndirilmiş elektron imza əldə etməsi ilə bağlı bir sıra çətinliklər müəyyən edilib.

Məlum olduğu kimi sözügedən vergi ödəyiciləri tərəfindən vergi orqanına vergi hesabatı (bəyannamə) təqdim edilmir, onlar tərəfindən vergi öhdəliyinin müvafiq qəbzin və fərqlənmə nişanının əldə edilməsi ilə icra olunmuş hesab edilir. Qeyd edilən vergi ödəyiciləri və vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi prosesinin asanlaşdırılması məqsədilə növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişiklik layihəsində Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyicisinin münasibətdə vergi orqanı tərəfindən təqdim edilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq hüququ 2025-ci il yanvarın 1-dən etibarən bərpa edilir.