Məhkəmənin hazırlıq iclası zamanı hansı ardıcıllıqla müvafiq hərəkətlərin yerinə yetirildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmənin hazırlıq iclası zamanı aşağıdakı ardıcıllıqla müvafiq hərəkətlər yerinə yetirilir:
– dövlət ittihamçısı və ya xüsusi ittihamçı məhkəmə baxışı zamanı tədqiq etmək niyyətində olduqları müvafiq olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə sübutlar siyahısını məhkəməyə təqdim edir;
– təqsirləndirilən şəxsin müdafiəçisi (onun köməyindən imtina edildiyi hallarda isə təqsirləndirilən şəxsin özü), habelə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh şəxsən və ya öz nümayəndəsi vasitəsilə özlərinin qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan sübutlar siyahısını təqdim edir, hər hansı şəxsin (onların soyadlarını, adlarını, atalarının adlarını və yaşayış yerlərini göstərməklə) məhkəmə iclasına çağırılması və şahid qismində dindirilməsi haqqında vəsatətlər verir, onların göstərdikləri sübutların məhkəmədə hansı məqsədlə tədqiq edilməsini və onların vasitəsilə məhkəmə baxışı zamanı hansı halların müəyyən edilə biləcəyini izah edir.