Deputat Naqif Həmzəyev internetin sürətindən, idman zallarının azlığından, suyun keyfiyyətsizliyindən şikayətlənib.
Heftelik.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat deyib ki, artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunur, ancaq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil.
Naqif Həmzəyev qeyd edib ki, xüsusilə də regionlarda bu fərq daha çoxdur: “Provayderlərin texniki imkanlarının artırılması müqabilində bu problem aradan qaldırıla bilər”.
Deputat gənclərin idmanla məşğul olması üçün konkret addımlarına atılmasını istəyib: “Gənclər və İdman Nazirliyi tərəfində radiolarda çox maraqlı sosial çarxlar səsləndirilir. Amma, gəncləri idmanla məşğul olmağa dəvət etməklə iş bitmir. Gəncə şəhərində müasir idman zalları barmaq sayını keçmir, aktiv üzgüçülük hovuzlarının sayı isə 1-dir”.
Naqif Həmzəyev onu da nəzərə çatdırıb ki, Gəncə şəhərində Balabağban, Böyükbağban və Totanlı adlanan ərazilərdə yağış yağan kimi evlərə gələn su istifadəyə yararsız hala düşür: “Su palçıqlı gəlir. Özüm də şəxsən bu hala şahidlik etmişəm. Xahiş edirəm su anbarlarının və filtirlərinin yenilənməsi, içməli su probleminin aradan qaldırılması üçün lazımı tədbirlərin görülməsinə dəstək olasınız”.
Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.