Hava aralaylı asma fasadların yükdaşıyan karkas elementlərinin uzunömürlülüyü qiymətləndirilərkən nələrin tövsiyə olunduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Hava aralaylı asma fasadların yükdaşıyan karkas elementlərinin uzunömürlülüyü qiymətləndirilərkən, onların normativ istismar müddətinin aşağıdakılara uyğun qəbul olunması tövsiyə olunur:

– 5 il – sink örtüyünün qalınlığı 20 mkm-ə  qədər olan sinklənmiş (aşağı aşqarlı) polad elementlər üçün;

– 10 il – sink örtüyünün qalınlığı ən azı 20 mkm, boya qatının isə 40 mkm-dən az olmayan sinklənmiş (aşağı aşqarlı) polad elementlər üçün;

– 20 il – AD 31T1 alüminium ərintisindən hazırlanmış, oksidlənmiş anod qatının qalınlığı ən azı 15 mkm olan anodlaşdırılmış elementlər üçün;

– 35 il – AD 31T1 alüminium ərintisindən hazırlanmış, oksidlənmiş anod qatının qalınlığı ən azı 15 mkm olan və lakboya örtüyünün qalınlığı 40 mkm-dən az olmayan anodlaşdırılmış elementlər üçün;

– 40 il – 6060 və 6063 markalı alüminium ərintilərindən hazırlanmış elementlər üçün;

– 50 il – alüminium-sink (qalvalum və ya qalfan növlü) örtüyünün qalınlığı  ən azı 20 mkm və lakboya örtük qatı 40 mkm-dən az olmayan korroziyaya davamlı polad elementlər üçün;

– 50 il – asma fasad sistemlərinin bərkidilmə düyünlərinin materiallarının korroziyaya davamlılığının və uzunömürlülüyünün tədqiqini təsdiq edən sənədlərin mövcudluğu mütləq olmaqla, aqressiv olmayan və zəif aqressiv mühitlərdə sink örtüyünün qalınlığı ən azı 18 mkm və lakboya örtük qatı 45 mkm-dən az olmayan (aşağı aşqarlı) sinklənmiş polad elementlər üçün;

– 50 il – asma fasad sistemlərinin bərkidilmə düyünlərinin materiallarının korroziyaya davamlılığının və uzunömürlülüyünün tədqiqini təsdiq edən sənədlərin mövcudluğu mütləq olmaqla, orta aqressiv (dəniz sahili daxil olmaqla) mühitdə sink örtüyünün qalınlığı ən azı 18 mkm və lakboya örtük qatı 80 mkm-dən az olmayan polad (aşağı aşqarlı poladdan) sinklənmiş elementlər üçün;

-50 il – ferritik sinifli AISI 430 və austenit sinfli AISI 304, AISI 201 korroziyaya davamlı polad elementləri üçün.