Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi vəzifəsinə yeni təyinat olub. Konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.
Heftelik.az-ın məlumatına görə, Konfederasiya prezidenti Məmməd Musayev bununla bağlı əməkdaşlarla keçirdiyi görüşdə Z.Hacılını təyinatı münasibətilə təbrik edib.
Z.Hacılı bu yüksək etimada görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Ötən dövr ərzində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma, böhranlar zamanı cəmiyyətin idarəedilməsi, beynəlxalq protokol qaydaları, iqtisadi, siyasi, o cümlədən təbii və texnogen xarakterli böhranlar zamanı idarəetmə və ictimaiyyətlə əlaqələrin qurulması mövzularında Avropa təhlükəsizlik məsələləri üzrə Corc Marşal Mərkəzi, NATO məktəbi, Avropa Kolleci və digər beynəlxalq təşkilat və elmi tədqiqat mərkəzlərinin kurs, seminar və dinləmələrində iştirak edib, 40-a yaxın sertifikata layiq görülüb. Xidmətdə fərqləndiyinə görə müxtəlif vaxtlarda fəxri fərman, xidmətə görə döş nişanı və medallarla təltif edilib. Ziya Hacılı əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında başlayıb. Fövqəladə Hallar Nazirliyi Katibliyinin rəis müavini, Azərbaycan Respublikası Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb.
Ziya Hacılı 17 aprel 2024-cü il tarixindən Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri vəzifəsində çalışırdı.