Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası, 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda yaralının vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir.

TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü Aida Həşimovanın müalicəsi Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub.