Bu gün istintaq təcridxanalarında məhkumların şəraiti getdikcə yaxşılaşır, kamerada isti-soyuq su, televiziyaya baxmaq şəraiti var.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin sabiq rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, dövlət məhkumların da şəraitinin yaxşılaşdırılmasına vəsait ayırır: “Qadağan olunmuş əşyaların dövriyyəsi cinayət tərkibi sayılır. Təklif edilir ki, biz bu cinayəti həbsdə saxlama yerlərinə şamil edək. Amma bunu etmək məqsədəmüvafiq deyil. Cinayət Məcəlləsinin 317-ci maddəsi ictimai təhlükə ilə bağlıdır. Bu, cəzaçəkmə müəssisəsinin idarəetməsinə mane ola bilər. Bu gün qadağan edilən əşya sayı 9 olsa da, ən çox istifadə edilən telefondur. Şəxsdən istintaq təcridxanasına gələndə ona qadağan olmuş əşya ilə bağlı xəbərdarlıq edilir”.

Malik Ələkbərov dindar məhkumlarla bağlı təklifə də münasibət bildirib: “Layihədə onlara Ramazan bayramında xüsusi rejim tətbiq olunması təklif edilir, amma bu da məqsədəuyğun deyil. Çünki o, 4-də durub səhər imsak etsə, rejim pozula bilər. Bu təklifə yenidən baxılmalıdır”.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan layihədə dindar məhkumlarla bağlı ayrı rejimin tətbiq edilməsi ilə bağlı təklif olduğunu diqqətə çatdırıb.