4 dekabr 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyi tərəfindən “Gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin müasir informasiya metodları ilə təbliği” adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirilib.

Heftelik.az-ın məlumatına görə,  tədbirin keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan mədəni mühitinin təbliği, tarixi irsi və şəxsiyyətlərini tanıtmaq, mövzunu rəqəmsal və audivizual həllərlə geniş auditoriyaya müasir yaradıcı və innovativ üsullarla çatdırılması, sosial mediada gənclər üçün daha çox Qərbi Azərbaycan kontenti paylaşmaqdır.

Tədbirdə çıxış edən natiqlər, Qərbi Azərbaycanın zəngin tarixi və mədəni irsinin önəmini vurğulayaraq, gəncləri bu irsin qorunmasına və təbliğinə daha çox cəlb etməyin vacibliyini qeyd etdilər. Natiqlər, mövzunun müasir informasiya texnologiyaları vasitəsilə təbliğinə xüsusi diqqət yetirərək, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini və gənclərin bu cür təşəbbüslərdə fəal iştirak etmələrinin vacibliyini önə çəkdilər. Onlar həmçinin rəqəmsal alətlər və sosial media vasitəsilə Qərbi Azərbaycanın mədəni irsini daha geniş auditoriyaya çatdırmaq üçün təklif və tövsiyələrini bölüşüblər.

Sonda “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan –gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirilib.