Hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumta görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Başqa sözlə, indiyə qədər qüvvədə olan qanuna əsasən, hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Namizədlərin seçilməsi üçün bu imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir. İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir.

Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiya cəlb edə bilər. İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi tədris müəssisəsində təşkil edilir. Təlim mərhələsinə keçirilmiş hakim vəzifəsinə namizədlərin iş yerləri və orta əməkhaqları saxlanılır. Təlim mərhələsinə keçirilmiş işləməyən namizədlərin maddi təminatını Məhkəmə-Hüquq Şurası həyata keçirir. Maddi təminatın məbləği Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir və dövlət büdcəsindən Şuraya ayrılmış vəsait hesabına ödənilir. Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədris müəssisəsi tərəfindən təqdim olunmuş tədrisin nəticələri və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibəsinin əsasında həyata keçirilir. Namizədlərin qiymətləndirilməsi bal sistemi ilə aparılır. Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun sıralanırlar. Namizədlərin qiymətləndirməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir. Tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış namizədlər ədliyyə orqanlarına inzibati vəzifəyə və ya prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə götürülə, hakim vakansiyası yarandıqda isə hakim vəzifəsinə təyin edilə bilərlər. Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanda iştirak edə bilməzlər.

Yeni qanuna əsasən, hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil olunacaq. İmtahanlar və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndiriləcək. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər. Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayacaq. Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək. Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən ediləcək.