“Sea Breeze Construction” MMC-dən külli miqdarda oğurluq edən 6 nəfərin məhkəməsi başlayıb.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, oğurluq edən şəxslər MMC-nin mühafizəçiləri olub. Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib. İlk olaraq təqsirləndirilən şəxslər-İlyasov Pərviz Etiram oğlu, Səfərli Arzuman Kamil oğlu, Allahverdiyev Qabil Xanmirzə oğlu, Məsimov Kamil Zöhrab oğlu, Qasımov Rəşad Malik oğlu və Mikayılov Kənan Zakir oğlu kanvoy vasitəsilə məhkəmə zalına gətirilib.
Təqsirləndirilən şəxslərdən birinin vəkili prosesdə iştirak etmədiyindən hakim məhkəmə prosesini 28 dekabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, oğurluq hadisəsi bu ilin avqust ayında “Sea Breeze Construction” MMC-nin anbarında baş verib. Belə ki, MMC-də mühafizəçi işləyən şəxslər anbardan 63 ədəd televizoru oğurlayıblar.
Onlara qarşı oğurluq maddəsinin müxtəlif bəndləri ilə Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb.