Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mərkəzin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Azərbaycan Respublikasının Prezidentinə Mərkəzin nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onun dəyişdirilməsi, yenidən təşkili və ləğv edilməsi, Kənd Təsərrüfatı Nazirliyinə Fərmanda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi həvalə edilir.
Nazirlər Kabineti təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.