Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu Neymar 2023-cü ilin yayında PSJ-dən niyə ayrıldığını açıqlayıb.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə,Neymar PSJ-dən ayrılmaq qərarına gəldiyini, bundan dərhal sonra “Əl-Hilal”dan təklif aldığını bildirib.

Futbolçu qeyd edib ki,  artıq Parisdə xoşbəxt deyildi: “Klub və məşqçi məni komandada istəmirdi. Mənimlə bu barədə danışmışdılar, ona görə də qərar verməli oldum. “Əl-Hilal”ın təklifini bəyəndim. Bu klubu, yerli mədəniyyəti və çempionatı tanıdım”.

Braziliyalı ulduz fransız azarkeşlərin ona qarşı münasibətinə toxunub:

“Birinci il möhtəşəm keçdi, fransız xalqı və tərəfdarları məni çox yaxşı qarşıladılar. Son iki-üç il əvvəlki kimi olmadı. Tərəfdarların mənə aqresiv münasibəti, xüsusən də evimə gələndə, basqın etmək, təhqir etmək və ya vurmaq istədikləri zaman bir az üzüldüm.

Kluba qarşı heç bir incikliyim yoxdur, sadəcə olaraq klubu idarə edən insanlara və bəzi tərəfdarlara qarşı incikliyim var. Amma bu keçmişdə qalıb. Karyeramda ən çox vaxt keçirdiyim klubdur – 6 il. Həm çox gözəl, həm də kədərli anlar yaşadım. Təəssüf ki, tərəfdarlarla münasibətim daha çox kədərli məqamlardan biridir. Amma idman səviyyəsində oynadığım ən yaxşı futbol idi. Buna görə də xoşbəxtəm və bununla bağlı vicdanım təmizdir”.

Xatırladaq ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal” a keçib. Daimi zədələr səbəbindən braziliyalı Səudiyyə klubunun heyətində cəmi 7 oyun keçirib, bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.