Hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Mənfəət vergisinin bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü, uçot metodu, sahibkarlıq subyektinin meyarı və digər məlumatlar əks olunur;

“Verginin hesablanması” bölməsi 3 hissədən ibarətdir:

– “Hesabat dövrünün Gəlirləri” hissəsində hesabat dövrü ərzində müxtəlif mənbələr üzrə əldə edilmiş gəlirlər əks etdirilir;

– “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı Xərclər” hissəsində hesabat dövrü ərzində gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər öz əksini tapır;

– “Hesabat dövrü üçün verginin hesablanması” hissəsində isə təsərrüfat fəaliyyətinin nəticələri əks etdirilir;

Mənfəət vergisi bəyannaməsinin aşağıdakı əlavələri mövcuddur:

– “Əlavə 1” – vergi uçotunun məqsədləri üçün aktivlər, kapital və öhdəliklər barədə məlumatları özündə əks etdirir;

– “Əlavə 2” – vergi ödəyicisinin xaricdə olan bank hesabları bərədə məlumatı əks etdirir;

– “Əlavə 3” – vergi ödəyicisinin ümidsiz borcları bərədə məlumatı özündə əks etdirir;

– “Əlavə 4” – vergi ödəyicisinin obyektləri barədə məlumatı özündə əks etdirir;

– “Əlavə 5” – azad olmalar və güzəştlər barədə məlumatı özündə əks etdirir;

– “Əlavə 6” – Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə məlumatı özündə əks etdirir.