“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub”.

Heftelik.az-ın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

“Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilib.

***

saat 12.00

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub.

Heftelik.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

“Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür”, – deyə məlumatda qeyd edilib.

***

saat 11.57

Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.