Dünya miqyasında tanınan, qətiyyəti, cəsarəti və məntiqi ilə seçilən dövlət xadimi, yeni əsrin yeni Lideri olan İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməsindən 21 il keçir. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyi sübuta yetirilib. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi.

Böyük tarixə malik 21 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Tarixə nəzər salsaq görərik ki, ötən 21 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın noyabrın 8-də işğaldan azad edilməsi tariximizə şanlı Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-lərə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Vətən müharibəsində qazanılmış parlaq Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi. Ötən illərə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları böyük əhəmiyyət kəsb edir. Uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Prezidentin qayğısı və diqqəti sayəsində son illərdə Bakı şəhərində və onun qəsəbələrində də tikinti quruculuq işləri daha geniş vüsət alıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Bakı şəhəri və qəsəbələri üzrə həyata keçirilən tədbirlər paytaxtda irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoyub, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılıb, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin açılmasının bölgənin həyatında yeni mərhələ olacağı öz əksini tapıb.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının rəsmi açılışı olub. Açılışlarda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Laçın beynəlxalq hava limanlarının inşası davam etdirilir. Göygöldən Murov dağının altından Kəlbəcərə uzunluğu təqribən 12 km olan tunel sürətlə çəkilir. Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanıb. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planları təsdiqlənib, onların bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. Zəngilan rayonunda yüksək texnologiyalara əsaslanan ilk “Ağıllı kənd” layihəsinin birinci mərhələsi başa çatdırılıb. Ağalı kəndində icra edilən layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak ediblər. Bu hadisə həm də Böyük Qayıdışın başlandığı gün hesab olunur. Erməni vandalları tərəfindən viran qoyulan Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 21 ildə möhtəşəm inkişaf yolu keçib. COP29-un ölkəmizdə keçirilməsi isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artması ilə nəticələndi. Ötən 21 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətinə çevirəcəyi günlər uzaqda deyil. Xalqımız ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, onunla qürur duyur .

Eltun Süleymanov

 Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini